"Ermənistanın uzatdığı vaxt Azərbaycanın xeyrinə işləməkdədir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın uzatdığı vaxt Azərbaycanın xeyrinə işləməkdədir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Ermənistan baş naziri Nikol Paşinyan özünün qeyri orijinal davranışları və bəyanatları ilə seçilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ümumiyyətlə onun dəstəkləməyə çalışdığı məqam qondarma “DQR”-nın danışıqlar prosesinə cəlb olunmasına nail olmaqdan ibarətdir. Əslinə qalsa Paşinyan çox gözəl dərk edir ki, bu mümkün olmayacaqdır. Çünki o Brüsseldə də cavabını aldı". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.

"Bildiyiniz kimi Avropa İttifaqının rəhbərliyi ona bildirdi danışıqların formatının dəyişdirilməsi münaqişənin tənzimlənməsinə hər hansı bir töhfə verməyəcəkdir. Bu məsələnin bir tərəfidir. Digər tərəfi ondan ibarətdir ki, münaqişənin tənzimlənməsində birbaşa vasitəçi olan ATƏT-in Minsk Qrupu da özünün məlum bəyanatında bildirdi ki, danışıqların formatı dəyişdirilə bilməz. Belə olan halda bizim gəldiyimiz nəticə ondan ibarətdir ki, Paşinyan münaqişənin tənzimlənməsi üçün aparılan danışıqlara separatçı rejimin cəlb olunmasına nail ola bilməyəcək. Paşinyanın bu istiqamətdə səylərini davam etdirməsi təbii ki, status-kvo vəziyyətinin qalmasına hesablanıb. Təbii ki, belə olan halda Paşinyan ümid edir ki, ən azından birinci səlahiyyət müddətində bu məsələ üzərindən özünün siyasi oyunlarını qura biləcək və hakimiyyətdə qala biləcək. Amma Paşinyan bir şeyi unudur ki, Ermənistan status-kvo vəziyyətini saxladıqca Azərbaycan münaqişə vəziyyətində özünün siyasi potensialını, mövqeyini gücləndirir. Artıq beynəlxalq rəy də ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və bunu müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlər də aydın şəkildə göstərir.

Məsələn, BMT Baş Assambleyasından sonra ikinci ən böyük Qoşulmama Hərəkatı bu ilin iyul ayının 21-də Venesuelada keçirilmiş Zirvə toplantısının yekun sənədində Azərbaycanın münaqişə ilə bağlı ayrıca bir bənd saldı. Orada qeyd etdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Təbii ki, bundan öncədə buna oxşar sənədlər qəbul olunub. Bu mənada hesab edirəm ki, münaqişənin tənzimlənməsi ilə bağlı Ermənistanın uzatdığı vaxt əslinə qalsa Azərbaycanın xeyrinə işləməkdədir" -deyə, E.Mirbəşiroğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə