"Azərbaycanla Türkiyə arasında vizanın ləğvi tarixi hadisədir" AÇIQLAMA-ÖZƏL
“Dünyada elə bir ölkə ola bilməz ki, Azərbaycanla Türkiyə kimi bir-birinə bu cür bağlı olsun. Bu baxımdan Azərbaycan tərəfindən Türkiyə vətəndaşlarına tətbiq edilən viza rejiminin aradan qaldırılması tarixi hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Kamilə Əliyeva deyib.
Müstəqilliyimizin ikinci dönəmində Türkiyə ilə bütün sahələrdə, bütün məsələlərdə ən yüksək əməkdaşlıq, tərəfdaşlıq, strateji müttəfiqlik münasibətlərinə nail olunduğunu deyən deputat söyləyib ki, hər iki ölkə bütün məsələlərdə hər zaman bir-birinə dəstək olaraq, arxa-dayaq olub.
Onun sözlərinə görə, hər iki ölkə birlikdə reallaşdırdıqları önəmli layihələrlə dünyanın enerji, siyasi təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrilib: “Keçən il yüksək səviyyəli açılış mərasimləri keçirilən “TANAP”, “STAR” və sair layihələr iki ölkə arasında qardaşlığın və dostluğun əməli və əyani təzahürüdür”.
Ümummilli lider Heydər Əliyevin “Bir millət-iki dövlətik” kəlamını xatırladan K. Əliyeva qeyd edib ki, hər iki ölkənin canı, qanı, ruhu, kökü birdir: Azərbaycan və Türkiyə eyni ağacın meyvələri, eyni dəyərlərin, mədəniyyətlərin daşıyıcılarıdır. Hər iki ölkə kədərini, sevincini birgə bölüşür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB