Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi genişlənir
Ötən həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi öz işini uğurla başa çatdırdı. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Böyük Britaniyada yerləşən "Gənclər Arasında Ümumi Söz" ("A Common Word Among the Youth-ACWAY") beynəlxalq təşkilatı və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə təşkil etdiyi Yay Məktəbi çərçivəsində I Beynəlxalq Gənclər Forumu da keçirilib. BBMM-in mətbuat xidmətindən qəzetimizə verilən məlumata istinadən, "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" adlı forumda "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası" adlı plenar sessiya, eləcə də, "Sülh üçün dialoq", "Dinlərarası münasibətlərin müxtəlif platformalarda tətbiqi", "Din və münaqişələrin həlli yolu", "Multikulturalizm siyasəti və Azərbaycan multikulturalizmi modeli", "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası", "Din, texnologiya və gənclər: Dinlərarası gələcək" və digər mövzularda bölmə iclasları keçirilib. Forum iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilib. Yay məktəbi müddətində iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Onlar BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov və "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Tural Gəncəliyevlə görüşlərdə iştirak ediblər. 3 gün (15-17 iyul) davam edən forumdan sonra Yay məktəbinin iştirakçıları Oğuz, Qəbələ və Şəki rayonlarına səfər ediblər. Səfər zamanı onlar Oğuzda Yuxarı və Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə, Şəkidə Karvansaraya, Kiş kəndindəki Qədim Alban məbədinə, Qəbələdə udilərin yaşadığı Nic qəsəbəsinə, Alban-udi xristian kilsəsinə, habelə, "Şahdağ Qış-Yay Turizm Kompleksi"nə baş çəkiblər. Azərbaycandakı tolerant və multikultural mühit, habelə, gözəl təbiət və yüksək qonaqpərvərlik Yay Məktəbi iştirakçılarını heyran edib. Söhbət zamanı onlar Azərbaycanı çox bəyəndiklərini, burada gördüklərini öz ölkələrində də təbliğ edəcəklərini və yenidən bu gözəl diyara gəlmək arzusunda olduqlarını ifadə ediblər.Mərakeş jurnalisti və tədqiqatçısı Əl Mahcub Dasaa: "Yay Məktəbi mənim üçün faydalı oldu. Mən burada Azərbaycan multikulturalizmini kəşf etdim və dini-mədəni müxtəlifliyi parçalanmaya deyil, birliyə necə çevirməyi öyrəndim. Multikulturalizm Mərkəzinin direktoru ilə gələcəkdə Mərakeşlə əməkdaşlıq perspektivini müzakirə etdik. Çox istərdim ki, dini və mədəni müxtəliflik haqqında daha çox öyrənmək üçün yenidən Azərbaycana gəlim".Marina Qonçaruk (Ukrayna): "Mən bir neçə ildir ki, Azərbaycan-Ukrayna layihələrinin təşkilində iştirak edirəm. Mən Azərbaycan multikulturalizmi konspesiyasını Ukraynada, xüsusən də, ziyalılar və tələbələr arasında təbliğ edirəm. Bizim tədbirlərdə Azərbaycandan da qonaqlar iştirak edirlər. Xüsusilə, Robert Mobili və Rafiq Danakarinin adlarını qeyd etmək istərdim. İştirak etdiyim bu Yay Məktəbi həm də mənə Azərbaycan multikulturalizmini Ukraynada daha peşəkər formada necə təbliğ edəcəyimi dəqiqləşdirməkdə kömək oldu".Rumıniyalı tələbə Oprea Stefan Vlad: "Azərbaycana gəlişimdən öncə, internetdən bu ölkə haqqında, az da olsa, məlumat öyrəndim. Azərbaycanın keçmiş sovet respublikası olduğu və neft ixracatçısı kimi tanınması barədə informasiya əldə etdim. Ölkəyə gəldikdən sonra isə, Azərbaycan mətbəxini, mədəniyyətini və musiqisini çox bəyəndim. Həm də sizin memarlıq üslubunuzdan çox xoşum gəldi. Burada həm qədim, həm də müasir üslubları özündə birləşdirən zəngin memarlıq var. Mən Azərbaycanı çox sevdim".Xatırladaq ki, IX Beynəlxalq Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan, Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası, Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya, Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə, Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun, Argentina, İndoneziya, İcveç, Estoniya, Portuqaliya, Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən 110 tələbə və tədqiqatçı iştirak edib.Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in "Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi" layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 39 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan Yay və Qış Məktəblərinin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub-yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB