İşğalçı ölkənin baş naziri Ermənistanı yeni kataklizmlərə doğru sürükləyir
Yenə Ermənistan gərgin durumdadır, siyasi təlatümlər ara vermir. Nikol Paşinyan küçədən birbaşa baş nazir kreslosuna oturandan sonra dramatik və ziddiyyətli hadisələr bir-birini əvəz edir. İndi ekspertlər Ermənistanda müşahidə edilən proseslərin kökündə qanunlara əməl edilməməsinin dayandığı fikrini irəli sürürlər. Bunun təsdiqi kimi, son aylar hakimiyyətin atdığı addımlar və parlamentin qəbul etdiyi qanunları göstərirlər.
Nikol Paşinyan Ermənistanı yeni kataklizmlərə doğru sürükləyir. Onun atdığı hər bir addım ölkənin siyasi səhnəsində gərginliyin artırılmasına əlavə təkanlar verir. Ekspertlər hesab edirlər ki, bütün bunların kökündə N.Paşinyanın hakimiyyət hərisliyi dayanır. Bununla bağlı İrina Corbenadze yazır: "Situasiya onunla dərinləşir ki, Paşinyan inqilabın ilk dəqiqəsindən, özündən başqa kimsəni baş nazir kimi görmürdü və bunu qətiyyən gizlətmirdi. "Mən və ya heç kim" formulu bu gün də qüvvədədir".
Ziddiyyətləri alovlandıran digər məqam kimi, N.Paşinyanın konkret hədəfinin olmamasını və siyasi proqramının yoxluğunu vurğulayırlar. Siyasətçi Paruyr Ayrikyanın bu kontekstdə verdiyi xarakteristika həqiqətə uyğun görünür. O deyib: "Hərəkat başlayanda, Paşinyan növbədənkənar seçki ilə bağlı müəyyən bəyanatlar yaydı, amma indi tamam başqa şeylər deyib, seçkinin dekabrda keçirilməsinin vacibliyini vurğulayır".
Ermənistan "siyasi yumaq" kimi düyünlənə-düyünlənə qalıb
Bütün hallarda Ermənistanın siyasi səhnəsi ilə bağlı bir nəticəyə şübhə yoxdur: hazırda bu səhnə dolaşıq düşmüş "siyasi yumağa" bənzəyir. N.Paşinyan qısa müddətdə, onsuz da dolaşıq olan Ermənistan siyasi mühitini qatı "dumana bürüməyi" bacardı!
Belə olan halda, vay erməni xalqının halına. O zaman erməni xalqı özü bu gününü düşünməli, düşdüyü dumanlı mühitdən çıxmaq üçün üzdəniraq "küçə demokratının" dərsini verməli və onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək lazımdır. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.
Təəssüf ki, Ermənistanda xalqın bu cür ayağa qalxmasını gözləmək, o qədər də inandırıcı deyil. Çünki cəmiyyət o dərəcədə siyasi dərketmə baxımından öldürülüb ki, sadə erməni nəyin baş verdiyini anlaya bilmir. Ona "meydana çıx" - deyirlər, gedir, "evə gəl" - çağırılar, yenə də əməl edir. Buna rəğmən, zaman erməni xalqının əleyhinə işləyir. Sabah gec ola bilər!
Bəs çıxış yolu?.. Siyasətçilər dəfələrlə vurğulayıblar ki, Qarabağ münaqişəsi nizamlanmadan heç bir problem həll oluna bilməz.
Aydın Mirzəzadə: "Paşinyan anlamalıdır ki, Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz"
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışları zamanı, dönə-dönə vurğulayır ki, Azərbaycan heç bir zaman ərazi bütövlüyü prinsipindən əl çəkməyəcək və bütün torpaqlarının qaytarılması istiqamətində fəaliyyət göstərəcək.
A.Mirzəzadə vurğulayıb ki, məhz Ermənistan bunu hələ də nə anlaya bilir, anlamaq üçün elə bir rəhbər yoxdur ki, xarici siyasət nə olduğunu düşünə bilsin: "!Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan torpaqlarını işğal edən Ermənistan çox ağır vəziyyətdədir və ciddi problemlər içərisindədir. 2016-cı ilin aprelində Ermənistanda baş verən hadisələrin Dağlıq Qarabağ problemindən irəli gələn çətinliklərdən yarandığını bir daha gördük. Yeni hakimiyyət dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək olmaz. Bu gün Ermənistan cəmiyyəti Nikol Paşinyandan, ilk növbədə, Ermənistanı təcrid vəziyyətindən çıxarmağı, sosial problemlərin həllini tələb edir və hələ də Paşinyan Koçaryan-Sarkisyan siyasətini davam etdirir. Nə qədər ki, bu yoldadır, heç bir irəliləyiş əldə edilməyəcək".
Deputat əlavə edib ki, Azərbaycan isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata və vətəndaş birliyinə malikdir: "Üç il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda, Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq".
Cümşüd Nuriyev: "Paşinyan Ermənistanı gərginlik quyusuna soxub"
"Ümumiyyətlə, bu gün Paşinyan təkcə özünü deyil, Ermənistanı da gərginlik quyusuna soxub. İşğalçı ölkənin quyudan çıxma ehtimalı da çox aşağıdır". Bunu "SƏS"ə açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin sözlərinə görə, həm Paşinyanın yürütdüyü sərt siyasət, həm də Paşinyanın Rusiyaya qarşı yürütdüyü siyasət, eyni zamanda, işğalçı siyasət yürütməsi gərgin vəziyyətdə olan ölkəni daha da gərginləşdirib: "Bundan başqa, nəzərə alsaq ki, Ermənistana qaz satışında hər min kubmetrində 15 dollar artması işğalçı ölkə üçün çox böyük bir məbləğdir. Yəni hadisələrin gedişi göstərir ki, Paşinyanın yarıtmaz siyasəti tezliklə əks-mövqe ilə özünü ifadə edəcək. Yəni Ermənistan həm bölgədə təklənib, həm də Azərbaycanın yürütdüyü xarici siyasət nəticəsində, kifayət qədər daxili gərginlik yaranıb. Nəzərə alsaq ki, Ermənistanda baş verən hadisələrdə də, məhz Azərbaycanın böyük siyasi rolu var. Bütün bunların hamısı göstərir ki, Ermənistan-Rusiya münasibətlərində, Paşinyan nə qədər çalışsa da, yaxşılaşması ehtimalı çox aşağıdır. Baxmayaraq ki, bunlar uzun müddətdir tərəfdaşdırlar, əməkdaşdırlar və hər zaman Ermənistan Rusiyanın vassalı olub. Hadisələrin gedişi göstərir ki, yaxın vaxtlarda Ermənistanda daxili gərginlik artıq qarşıdurmaya keçə bilər və növbəti hakimiyyət dəyişikliyi yaranar. Amma bütün hallarda, Rusiya ilə Ermənistanın münasibətlərinin yaxşılaşacağı ehtimalı çox aşağıdır. Bir sözlə, gərginlik daha da artacaq".
Mübariz Əhmədoğlu: "Paşinyan Ermənistanın məhkumluğunun simvoludur"
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, o zamankı və indiki Ermənistanı, ən ümumi tərzdə də olsa, müqayisə edək: "Ermənistan və ermənilər güclü geosiyasi dəstəyə malik idilər. Səbəb SSRİ-nin dağılmasında iştirak etmələri idi. Soyuq müharibənin ən böyük probleminin açarı ermənilər oldu. Qərb dünyası tərəfindən ciddi dəstək var idi. SSRİ-nin əleyhinə getdiklərinə baxmayaraq, ermənilər bir müddət, Rusiyanı müttəfiqləri sırasına qoşa bildilər. Ermənilərin böyük maliyyə mənbələri var idi. SSRİ-nin o zamankı baş naziri Nikolay Rıjkov Spitak zəlzələsini əsas götürərək, Ermənistana 2 illik dövlət büdcəsi, başqa sözlə, təxminən 6-7 milyard dollar vəsait ayırdı. Məhz buna görə də, Rıjkov, Ermənistanın milliyyətcə erməni olmayan yeganə milli qəhrəmanıdır. Spitak zəlzələsindən 31 il keçməsinə baxmayaraq, heç bir bərpa işi aparılmayıb. Ayrılan məbləğin bir qismi korrupsiyaya, digəri isə, Dağlıq Qarabağ münaqişəsinin başlanması və alovlanmasına sərf olunub. ABŞ-dan Ermənistana Spitak zəlzələsi zamanı yardım daşıyan karvana o zamankı ABŞ prezidenti ata Corc Buşun oğullarından biri başçılıq edirdi. Diaspor Ermənistana hərtərəfli və aktiv dəstək verirdi. Diasporun maliyyə imkanları 500 milyard dollar idi. Dünya erməniliyində ciddi birlik var idi. Ermənilər real və virtual 15 milyonluq cəmiyyəti olan dövlət yaratmağa hazırlaşırdılar".
M.Əhmədoğlu əlavə edib ki, indiki Ermənistan bütün parametrlər üzrə tam əks-qütbdədir: "Heç bir müttəfiqi və geosiyasi dəstəyi yoxdur. İranın Ermənistana verdiyi dəstəyin arxasında İranın özünün tarixi maraqları dayanır. Gec-tez ermənilər bunu görəcəklər. Ermənistanın 7 milyard dollar xarici borcu var. Diaspor erməniləri xeyli zəifləyib. Ermənistana və bir-birlərinə qarşı ədavətdədirlər. Əyani misal olaraq, Baş nazirin xanımı Anna Akopyan, iki dəfə İsveçrədə yaşayan erməni milyonçusu V.Sirmakeşin ayağına getsə də, V.Sirmakeş ona bir sent də vermədi. Dünya erməniliyi, sayca ən yaxşı halda, 8 milyon nəfərdir. Ermənilik ciddi assimilyasiyaya məruz qalır. Ermənilər özlərini bütün dünyaya savadlı və intellektual xalq kimi göstərməyə çalışıblar. İndi bu sahədə də reqressiyadır. Ermənistanda ən savadlı sonuncu rəhbər Levon Ter-Petrosyan olub. Levon Ter-Petrosyandan sonra R.Koçaryan və S.Sarkisyan ali təhsil diplomlarına malik idilərsə də, elə dərin intellektləri yox idi. N.Paşinyanın nə dərin intellekti, nə də ali təhsili haqqında diplomu yoxdur. Ermənistan tarixinin uydurma mifləri artıq açıqlanır. Dünya ictimaiyyəti erməni tarixinin mif və yalan olduğunu başa düşür".
Politoloq vurğulayıb ki, bütün bunların hamısı Paşinyanın dövründə kumulyasiya olunur: "Beləliklə, Ermənistan dövlətçiliyi dərin böhran qarşısındadır. Qarşıda isə, 3 yol var. Birincisi, zəifləyən Ermənistan iri dövlətlərin geosiyasi tapşırıqlarını yerinə yetirməklə, tarixin şərəfsizlik zolağına yuvarlanır. İkincisi, Paşinyan Dağlıq Qarabağ məsələsini həll edir. Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstanla iqtisadi münasibətləri tamamilə yeni səviyyəyə qaldırır. Digəri isə, Ermənistan dövləti əlində olan-qalan resurslarını da Dağlıq Qarabağ münaqişəsinə xərcləyir və beləliklə, əvvəlcə Ermənistan dövləti sıradan çıxır, sonra da Dağlıq Qarabağ məsələsi, avtomatik olaraq, gündəlikdən çıxır. Bu variantların hər üçü N.Paşinyan üçün məhkumluq deməkdir. Əlbəttə, Paşinyan siyasi və yaxud mənəvi ölümü dərk edən lider deyil. Ona görə də, N.Paşinyan seçim qarşısındadır. Ya Ermənistan dövlətçiliyini saxlamaq şərti ilə ölümlə razılaşmaq, ya da Qarabağ məsələsi, Ermənistan dövlətçiliyi də daxil olmaqla, özünün ölüm variantını seçmək. Hələ ki N.Paşinyanın getdiyi yol sonuncu variantı seçdiyini göstərir. İstefa - vəziyyətdən çıxış yolu deyil. Çünki "məxməri inqilab" prosesləri geridönməz edib".
Paşinyanın yalanlarına aldanan erməni xalqı
Bu gün erməni xalqı yenə də aldandı. Elə zənn etdi ki, küçədən xalqın dəstəyi ilə hakimiyyətə gələn "küçə demokratı" onları yoxsulluq və ədalətsizlikdən qurtaracaq. Ancaq bir ildən çox zaman keçsə də, gözləntilər özünü doğrultmayıb. Ermənistan əhalisi ölkəni kütləvi şəkildə tərk etməkdədir. Milli Statistika Komitəsinin məlumatlarına əsasən, Ermənistan əhalisinin 1 aprel 2019-cu ilə olan sayı 2018-ci ilin analoji sayı ilə müqayisədə 7,8 min insana qədər azalıb. İlin əvvəlindən isə, respublika əhalisinin sayı 3,2 min insan azalıb...
"Köhnə" və "yeni" işsizilər, çıxış yolu olmadığına görə, ölkəni tərk edib, qastraybarterlərə çevrilirlər
Ölkənin xarici borclarının bağlanması yerinə, hökumət 2019-cu ildə 490 milyon dollar həcmində xarici kredit almağa hazırlaşır və nəticədə, Ermənistanın xarici borcu 7 milyard dollara qədər artıb. Yeni iş yerlərinin açılmasından danışmağa belə dəyməz. Bəs Paşinyan, ya da onu dəyişəcək şəxs bütün bunları nə ilə ödəyəcək? Koçaryan və Sarkisyanın etdikləri kimi, strateji sferalar və iqtisadiyyata aid olan müəssisələrləmi? Artıq onlar da çoxdan Rusiyanın mülkiyyətindədirlər.
"Armenianreport" qeyd edir ki, ölkədə az insan tapılar ki, onlar öncəki hakimiyyətin geri qayıtmasını arzulayır: "Fəqət, indiki kimi yaşamağı da kimsə istəmir. Ona görə də, Paşinyanın vaxtı, praktiki olaraq, qalmayıb - o, ya ölkədəki həyat səviyyəsini yaxşılaşdırır, ya da "Məxməri inqilab N 2"nin baş verməsi gözlənilə bilər. Üçüncü variant da var - xalq Ermənistanı tərk etməkdə davam edəcək və hazırkı mənfi miqrasiya saldosu nəticəsində, yalnız indiki kimi kəndlər deyil, artıq şəhərlər də boşalacaq".
Beləliklə, baş verənlər, bir daha sübut edir ki, Ermənistan hakimiyyətində qütbləşmə və acından ölən xalq reallığı sistemi baş verəcək.
Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə, beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi, artıq danışıqların predmetidir. Hər bir halda, aydındır ki, əsas şərt, Ermənistanın təcavüzkar olaraq, Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.
Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın, problemin həlli ilə bağlı təsəvvürləri ilə, reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi "faktlar" gətir, reallıq budur: TƏCAVÜZKAR ZƏBT ETDİYİ TORPAQLARDAN GETMƏLİDİR, VƏSSALAM!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB