Beynəlxalq aləmin Azərbaycana maraqları böyükdür ANALITIK

Beynəlxalq aləmin Azərbaycana maraqları böyükdür ANALITIK

Bakı 2019 – XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu reallığı özündə tam şəkildə ehtiva etməkdədir

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir və bu reallıq həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkəmizin əhəmiyyətli mövqeyi daim öndədir. Belə ki, Bakı 2019 – XV Avropa Gənclər Yay Olimpiya Festivalı bu reallığı özündə tam şəkildə ehtiva etməkdədir.

Daha bir xüsusi məqamı da qeyd etmək yerinə düşərdi ki, Olimpiya bayrağı altında keçirilən festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində dünyanın bir çox tanınmış idmançıları çıxış edərək, bu mötəbər tədbirin əhəmiyyəti barədə fikirlərini bildiriblər. O cümlədən, 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) keçirdiyi bu tədbir həm də dünya idmanının qürur mənbəyidir.

“Zirvələrə hazırıq” şüarı altında keçirilən “Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Olimpiyanın mühüm məqamları politoloq Mübariz Əhmədoğlu tərəfindən də maraqlı cəhətdən izah olunub.

Politoloq: “Ölkə rəhbərliyinin əli beynəlxalq proseslərin üzərindədir, beynəlxalq aləmlə ciddi əlaqələrimiz var”

“Məhz daxili planda əhəmiyyət daha da yüksəkdir. Bu vaxta qədər Azərbaycanın beynəlxalq reytinqindən danışmışıq. Doğrudur, bu cür oyunlar Azərbaycana beynəlxalq aləmdə olan inamın göstəricidir. Bu inam sözü ümumi mənada qəbul olunmamalıdır”, deyə qeyd edən politoloqun billdirdiyinə görə, adamlar ki, qlobal aləmdə gedən prosesləri izləyib, Avropanın qayğılarından məlumatlıdırlar, həmin ekspertlər yaxşı bilirlər ki, Avropanın Azərbaycanda hazırda belə yarışlar keçirməsi, hədsiz dərəcədə mühüm əhəmiyyətə malikdir: “Çünki Avropanın özünün qat-qat böyük problemləri var. Avropa da çalışır ki, bu cür yarışmalar keçirərək, özünə əlavə nəfəs yeri tapsın. Avropa İttifaqının köhnə rəhbərliyi artıq istefaya hazırlaşır. Lakin düşünürəm ki, onların indiyədək gördükləri işlər içərisində Azərbaycanla əlaqəli aparılan proseslər xüsusi qeyd olunacaq. Ancaq hesab edirəm ki, Avropadan da qat-qat çox, bu sonuncu oyunların Azərbaycanın daxilinə böyük təsiri var. Çünki dünyada durğunluq var, beynəlxalq siyasətdə vəziyyət əvvəlki kimi deyil. Müşahidə edirik ki, artıq dünya liderlərinin bir-biriləri ilə təması, bir-birilərinin ölkələrinə səfər etmələri xeyli dərəcədə zəifləyib. Belə halda isə Azərbaycana olan beynəlxalq maraq 2-3 qat daha böyük əhəmiyyət kəsb edir. Bizdə də kimsə iddia edə bilər ki, Azərbaycanın beynəlxalq aləmə, yaxud da beynəlxalq aləmin Azərbaycana olan marağı itib. Bu anlamda daxili parametr kimi hazırda başlayan oyunu çox mühüm dəyərləndirirəm. Ölkə rəhbərliyinin əli beynəlxalq proseslərin üzərindədir, beynəlxalq aləmlə ciddi əlaqələrimiz var. O cümlədən də beynəlxalq aləmin də Azərbaycana maraqları böyükdür”.

Beləliklə, Avropanın və dünyanın xəritəsində xüsusi əhəmiyyətə malik olan Azərbaycan dövləti ildən-ilə daha böyük uğurlara imza atmaqdadr. Bu uğurlar həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, qarşıda ölkəmizi daha böyük ictimai-siyasi, mədəni və s. sahələrdə irəliləyişlər, nailiyyətlər gözləyir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə