Misir Facebooka təşəkkürünü bildirir

Misir Facebooka təşəkkürünü bildirir
Google-nin Misirdəki nümayəndəliyinin əməkdaşı Voel Qonim Amerika telekanalına müsahibə verərkən Facebook sosial şəbəkəsinə Misirdə baş verən inqilaba görə öz təşəkkürün bildirib. Qeyd edək ki, ötən gün Misir prezidenti Hüsnü Mübarək istefa verib. Aparıcının Misir və Tunisdə baş verənlər daha hansı ölkədə baş verə bilər sualını cavablandıran əməkdaş: "Bunu Facebookdan soruşun"- deyə bildirib.

"Mən ümid edirəm ki, nə vaxtsa şəbəkənin rəhbəri ilə görüşəcəm və ona öz təşəkkürümü bildirəcəm. Mən bütün Misir xalqının adından danışıram. Bu inqilab internetdən, yəni Facebook sosial şəbəkəsindən başladı. İnqilab ötən ilin iyun ayında minlərlə misirlinin həmin şəbəkə vasitəsilə ünsiyyət qurması ilə başlayıb. Mən hər zaman söyləmişəm ki, əgər siz xalqa azadlıq vermək istəyirsinizsə, onlara internet verin. Səhifəmə hər hansı bir video yükləyirəm, inanmazsınız, bir neçə saatdan sonra 60 min insan həmin videonu öz səhifəsinə daxil edir", - deyə Voel Qonim qeyd edib.

O əlavə edib ki, normal həyata qayıdacaq və öz işini davam etdirəcək: "Mən siyasətdə hər hansı bir rol oynamaq istəmirəm".

Bundan əlavə, o yaxın zamanda sosial medianın insanların həyatında rolu haqqında kitab yazacağını da bildirib.

Qeyd edək ki, Misirdə baş verən hadisələr zamanı yanvarın 27-də yoxa çıxan Voel Qonim bir neçə gün bundan qabaq həbsxanadan azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə