ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar. SİA-nın xəbərinə görə, vasitəçilər bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb. Onlar 2010-cu ilin oktyabr ayında Həştərxanda keçirilmiş yüksək səviyyəli görüşün əsasında müsbət işlərin görüldüyünü vurğulayıb.
Həmsədrlər tərəfləri münaqişənin sülh yolu ilə həlli və yeni mərhələyə başlamaq üçün növbəti irəliləyişlərə nail olmağa çağırıb. Vasitəçilər həmçinin sülhün əldə olunması üçün əlverişli mühit yaradılması məqsədilə münaqişə tərəflərinə səbr nümayiş etdirməyi, o cümlədən açıq bəyanatlarda dözümlülük göstərməyi tövsiyə edib.
Bəyanatda qeyd olunur ki, həmsədrlər regiona səfərləri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşiklə İrəvanda Ermənistan prezidenti, xarici işlər və müdafiə nazirləri, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB