Azərbaycan Beynəlxalq nəşr və kitab sərgisində təmsil olunur

Azərbaycan Beynəlxalq nəşr və kitab sərgisində təmsil olunur

Mərakeş Kralı 6-cı Məhəmmədin himayəsi ilə fevralın 11-dən 20-dək Kasablanka şəhərində "Bilikli cəmiyyətin qurulmasına yönəlmiş mütaliə" mövzusunda 17-ci Beynəlxalq nəşr və kitab sərgisi keçirilir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən SİA-ya verilən xəbərə görə, ölkəmizin də təmsil olunduğu sərginin fevralın 10-da rəsmi açılış mərasimi keçirilmişdir. Qırx dövlətin təmsil olunduğu sərgidə Ərəb, Afrika, Latın Amerikası ölkələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Türkiyə, Belçika, İspaniya, İtaliya, Portuqaliya, Almaniya, Yunanıstan və Yaponiya kimi ölkələrin müxtəlif mövzulu kitabları nümayiş etdirilir.

Mərasimi Mərakeş Krallığının Baş naziri Abbas əl-Fasi açıb. O, dövlət naziri M.əl-Yaziqi, mədəniyyət naziri B.Həmmiş, turizm və sənətkarlıq naziri Y.Znagui, xarici ticarət naziri Ə.Məzuz və digər dövlət rəsmiləri ilə birlikdə ayrı-ayrı ölkələrin təmsil edildiyi guşələrlə tanış olub.

Azərbaycan üçün ayrılmış guşəyə gələn Mərakeş hökuməti nümayəndələrinə ölkəmizin tarixi, mədəniyyəti, elmi və ədəbi həyatı haqqında, respublikamızda nəşr edilmiş kitablar barədə geniş məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərgiyə təqdim olunmuş kitablar, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs edən nəşrlər böyük maraqla qarşılanıb.

Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən sərgiyə xalqımıza qarşı törədilmiş erməni terroru və Xocalı faciəsini əks etdirən kitablar da əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə