Araz Əliquliyev: “Narkomaniya ilə mübarizə sahəsində uğurlu nailiyyətlərə, keyfiyyətli göstəricilərə nail ola bilməmişik” - MÖVQE

Araz Əliquliyev: “Narkomaniya ilə mübarizə sahəsində uğurlu nailiyyətlərə, keyfiyyətli göstəricilərə nail ola bilməmişik” - MÖVQE
"Ötən il 9 min tondan çox narkotik vasitələrin istehsalı qeydə alınıb. Bu maddələrin 90%-i Əfqanıstanda istehsal olunur. SİA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev məlumat verib. O bildirib ki, Əfqanıstanda istehsal olunan vasitələr 3 istiqamətdə dünya ölkələrinə yayılır. A.Əliquliyevin sözlərinə görə, məhsullar şimaldan Rusiya, Avropaya, Qərbdən İran Türkiyə, Balkan ölkələrinə və Cənubda Azərbaycana gətirilir.

"Son illərin hesabatı göstərir ki, Azərbaycanda narkotik vasitələrin əsas miqdarı cənub regionundan keçənlərdir və bu da 85% müəyyən edilir. Xüsusilə quru sərhəddindən keçən narkotik vasitələr üstünlük təşkil edir. Qanunsuz dövriyyə ümumi dövriyyənin 15-20%-ni təşkil edir", - deyə o əlavə edib.

A.Əliquliyev bildirib ki, dövlət siyasətinin əsas sahələrindən biri də narkotik vasitələrə tələbatın azaldılmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə əsas məsələ gəncləri bu yoldan döndərmək üçün geniş tədbirlərin həyata keçirilməsidir: "Ancaq bugünki statistika göstərir ki, bu istiqamətdə istənilən nəticələrə nail olunmayıb. Ölkədə cinayət işlərinin 70%-i narkotik vasitələrdən istifadə ilə bağlıdır. Bu gün cəzaçəkmə müəssisəsində cəzakəsənlər 60%-dən yuxarı narkotik vasitələrdən istifadə etmiş şəxslərdir. Bu göstəricilərin dəyişməsi üçün hər kəs çalışmalıdır. Təbii ki, bu gün profilaktik tədbirlərin keçirilməsində çatışmazlıqlar var. Bunun üçün məktəblərdə, ali təhsil ocaqlarında işlər görülməli, bu işlərə QHT-lər cəlb edilməlidir. Hələki bu istiqamətdə uğurlu nailiyyətlər, keyfiyyətli göstəricilərə nail ola bilməmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə