Samux rayonunda 500 kilovoltluq yardımçı stansiya istifadəyə verilib
Prezident İlham Əliyev fevralın 9-da Samux rayonunda 500 kilovoltluq "Samux" yardımçı stansiyasının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verərək bildirdi ki, rayonun Lək kəndi ərazisində ayrılmış 30 hektar sahədə 2008-ci ilin iyulunda başlanmış inşaat işləri 2010-cu ilin sonunda yekunlaşdırılıb.
Böyüklüyünə görə respublikamızda ikinci olan "Samux" yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcəkdir. Layihə çərçivəsində Gəncə alüminium zavodunda 330/110/10 kilovoltluq və 110/35 kilovoltluq yardımçı stansiyalar da tikilmiş, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq və 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilib.
"Samux" yardımçı stansiyasında 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev yardımçı stansiyanın inzibati binası ilə tanış oldu. Burada yaradılmış fotoguşədə ulu öndər Heydər Əliyevin Azərbaycanın energetika sisteminin inkişafı sahəsində gördüyü işləri əks etdirən şəkillər toplanıb.
Dövlətimizin başçısı idarəetmə mərkəzində yardımçı stansiyanı işə saldı, inşaatçılara və energetiklərə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB