08 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təşkilat Nəzarət idarəsinin, Rejim Nəzarət şöbəsinin əməkdaşları Qobustan Həbsxanasında birgə araşdırma aparıblar.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ömürlük həbs cəzasına məhkum edilmiş Rafiq Bayramov, Fuad Orucov, Daşqın Quliyev, Rüstəm Mehdiyev, Vüqar Dadaşov, Əlibala Əliyev və Şakir Rzaxanovla görüş keçirilmiş, onların saxlanılma şəraiti araşdırılıb. Müəyyən edilib ki, bu məhkumların heç biri aclıq aksiyası keçirmir, yalnız Ş.Rzaxanov aclıq aksiyası keçirdiyini bildirib. O isə bu barədə müəssisə rəisinə müraciət etməyib. Aclıq aksiyası keçirməsinə səbəbin isə onlarla bir kamerada saxlanılan digər 4 ömürlük məhkumdan birinin yerinin dəyişdirilməsinin olduğunu söyləyib.
Məhkum Araz Əhmədovla söhbət zamanı o, saxlanma şəraitindən şikayətinin olmadığını, həbsxana əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadığını bildirmiş, onun bədəninə baxış keçirilmiş zorakılıq izləri aşkar edilməyib.
Ümumilikdə söhbət aparılmış məhkumlar həbsxananın tibb hissəsinin rəisi və burada olan köşkün fəaliyyətindən narazılıqlarını söyləyiblər. Eyni zamanda rejim korpuslarına başçəkmə zamanı məlum olub ki, standartlara cavab verməyən kameralar bağlanılmış və orada təmir işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə