Prezident İlham Əliyev Samuxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Samuxda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Samux rayonunda olub. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Daha sonra Prezident Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

İndiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-cu ildə yeni inzibati binanın inşasına başlanmış və tikinti 2010-cu ildə başa çatdırılıb.

İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotoguşə yaradılıb.

Müasir avadanlıqla təchiz edilmiş binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağı vardır.

Yeni bina ilə tanış olan dövlətimizin başçısı icra hakimiyyətinin əməkdaşlarına uğurlar arzuladı.

Prezident İlham Əliyevə yaxınlıqda yaradılmış Dövlət bayrağı meydanı haqqında da məlumat verildi. Bildirildi ki, 8,7 min kvadratmetr sahəsi olan meydanın mərkəzində ucaldılmış 36 metr hündürlüyündə metal dirəkdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Meydanda müasir işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağaclar əkilmiş, yaşıllıq salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə