Nikol Paşinyan qaş düzəltdiyi yerdə göz çıxarır

Nikol Paşinyan qaş düzəltdiyi yerdə göz çıxarır

Ermənistanın baş naziri, faktiki olaraq, Qarabağ danışıqlarını Rusiyanın öhdəliyinə buraxmaqla özünü sığortalamaq istəyir

Yenə də Ermənistanın baş naziri küçə "demokratı" Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı sərsəm fikirlər səsləndirib. Deyib ki, Ermənistan Qarabağdan birdəfəlik imtina etdi.

Yenə ikibaşlı oyun. Bir yandan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirən Nikol Paşinyan, digər tərəfdən Ermənistan qoşunlarını işğal etdiyi ərazilərdən çıxmayacağını bəyan edir.

Təbii ki, Qarabağ nizamlanmasının ilk şərti Ermənistanın işğal etdiyi 5 rayonlardan - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxarılmasıdır. Bu, Ermənistana həm ATƏT-in Minsk Qrupunun qərbli həmsədrləri tərəfindən, həm də forpostu olduğu Rusiya tərəfindən tövsiyyə edilir, yəni həm Madrid prinsipləri, həm də Lavrov planı bunu tələb edir. Paşinyan bununla bağlı danışıqlardan imtina etməklə, həm də Qarabağ həllindən imtina edir.

Belə görünür ki, keçmiş şefi Levon Ter-Petrosyanla keçirdiyi görüş belə Nikol Paşinyana təsir etməyib. O, Levon Ter-Petrosyanın dediklərində yeni bir şey olmadlığını iddia edib. Əslində, Levon Ter-Petrosyan və Serj Sarkisyan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana qaytarılmasını regionda sülh üçün vacib sayıblar və Nikol Paşiyan onları bu mövqelərinə görə tənqid edib. Belə çıxır ki, o, fikrini dəyişməyib.

Daha dəqiq desək, görünür, Paşinyan yenə öz sərsəm oyunundan əl çəkmək istəmir, deməli, hələ ki, heç bir sənədə qol çəkməyəcək.

Rusiya da Ermənistanı Qarabağda ən incə yerindən vuracaq

Bəli, başqa yol da yoxdur. Çünki Paşinyan hələ də anlamır ki, Rusiya da onun bu günə kimi ikiüzlü "siyasətinin" dəfələrlə şahidi olub. Çünki bunun mümkün olmadığını hamı bilir. Geosiyasi

məqam ondan ibarətdir ki, Vladislav Şurıqin, faktiki olaraq, bəyan edir ki, Dağlıq Qarabağ Rusiyanın ciddi yardımı ilə zəbt edilib və əgər Moskva çəkilsə, həmin ərazini Azərbaycan sürətlə azad edə bilər. Bu da, ermənilərin hərbi gücü ilə bağlı mifə zərbə olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistan son dərəcə çətin vəziyyətə düşmüş olur. O, nə Rusiyaya qarşı çıxa, nə də geosiyasi olaraq Qərbə yaxınlaşa bilər. Moskva buna qətiyyən imkan verməz. Kreml istənilən zaman ermənilərin ipini istədiyi qədər çəkmək iqtidarındadır.

Onda bəs Ermənistanın bu cür addımlarının nə kimi geosiyasi nəticələri ola bilər? Rəsmi İrəvan regionda vəziyyəti mürəkkəbləşdirir, qeyri-müəyyənliyi artırır. Səbəbi də odur ki, özünün illərdir işlətdiyi cinayətləri ört-basdır etsin. Daha doğrusu, məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yayındırmaqdır. Guya Ermənistan həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiyə ona "hücum edib", ancaq "güclü Ermənistan ordusu" qalib gəlib. Sonra isə, Rusiya xüsusi xidmət orqanları "erməni demokratiyasına" zərbə vurub. Lakin Qərbin bir sıra təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistanın öbrazını yaxşı bilirlər.

Elə bu günlərdə Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağ danışıqlarını Rusiyanın öhdəliyinə buraxıb. Jurnalistlər danışıqlardan imtinanın Azərbaycana müharibə hüququ vermək olduğunu xatırlatdıqda, Ermənistanın baş naziri deyib: "Rusiya supergüc kimi bizim regionda müharibəyə yol verməmək üçün imkanlara malikdir. Mən inanmaq istəmirəm ki, Ermənistanın strateji müttəfiqi Rusiya öz rıçaqlarından istifadə edib, müharibəni dayandarmayacaq. Mən inanmıram ki, Rusiya müharibənin başlamasına imkan verəcək və Azərbaycanı dayandırmaq üçün rıçaqlarından istifadə etməyəcək".

Bu açıqlama, nəinki Ermənistan, hətta Rusiya mətbuatında belə heyrətlə qarşılanıb. Rusiyanın "Lenta.ru" portalı mətbuat konfrasına həsr etdiyi məqaləsini "Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti Rusiyaya ötürdü" başlığı altında verib. Yəni məsuliyyət daşıyan dövlət hüquqa da malik olur. Bu, Zori Balayanın, bir neçə il öncə, Vladimir Putinə yazdığı məktuba bənzəyir. Onda Balayan Rusiyaya təklif edirdi ki, "Gülüstan" sülh müqaviləsinə əsaslanıb, Qarabağı özünə götürsün. Bu, erməni millətçilərinin sərt reaksiyasına səbəb olmuşdu. Onlar iddia edirdilər ki, Qarabağ Ermənistanın ayrılmaz parçasıdır. Amma göründüyü kimi, indi eyni sözü Nikol da deyir.

Açıq-aydın görünür ki, Paşinyan qorxduğunu etiraf edir: "Azərbaycan müharibəyə hazırlaşır, biz savaş istəmirik".

Ermənilər yeni bir təlaş içində

Hər gün bir təlaş içində çabalayan ermənilər yeni bir təlaşa düşüblər. Ermənistan Azərbaycan tərəfinin hər dəfə keçirdiyi hərbi təlimlərdən sonra daha böyük təşviş keçirirlər. Belə ki, çətin siyasi gərginlik içində olan Ermənistan iyun ayının 7-11-də Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri işğalçı ölkənin yenidən təlaş keçirməsinə səbəb olub. Çünki Azərbaycan bütün sahələrdə inkişaf etdikcə, Ermənistan narahat olur və böhtanlar yağdırmağa girişir. O cümlədən də, ordumuz hərbi gücünü nümayiş etdirəndə, erməni tərəfi təlaş keçirir. Bu, "Sarsılmaz qardaşlıq-2019" hərbi təlimlərinin fonunda daha aydın özünü büruzə verir. Təlimlərdə iki qardaş ölkənin hərbçiləri koordinasiyalı, peşəkar və yüksək əhval-ruhiyyədə hərəkət edə biləcəklərini nümayiş etdirdilər. Bunlara, erməni "ekspertləri" elə çaşqın reaksiya verdilər ki, hətta Amerika, İran və Rusiyanı belə ortaya qatmağa çalışdılar. İki türk dövlətinin İranla yaxınlıq edərək, regionda Qərbə ziyan verəcəyi haqqında əsassız iddia irəli sürdülər. Amma hamı yaxşı bilir ki, İran-Ermənistan münasibətləri necədir və kim kiminlə hansı oyunu aparır.

Burada, əlbəttə ki, erməniləri qorxuya salan, əsas olaraq, Azərbaycanın sürətli inkişafı və hərbi sahədə Türkiyə ilə əməkdaşlığı dərinləşdirməsidir. Lakin hamıya aydındır ki, bu prosesi Azərbaycan ancaq özünümüdafiə imkanlarını artırmaq, ərazi bütövlüyünü bərpa etmək və regionda sabitliyi qorumaq naminə edir. Onun kimsənin torpağında gözü yoxdur. Əksinə, Azərbaycan torpaqlarında gözü olan naqislərin əl-ayağını kəsməyə çalışır.

Con Bolton Ermənistana qarşı

Erməni ekspertləri Con Boltonu qatı antiirançı və Türkiyə tərəfdarı kimi təqdim edir. Hesab edir ki, C.Bolton Cənubi Qafqazda, əsas geosiyasi güc kimi, Türkiyə-Azərbaycan cütlüyünü görür. Bu gücdən istifadə edərək, Vaşinqton İrana qarşı daha sərt mövqe tuta bilər. Eyni zamanda, Amerikanın Ermənistandan istədiyi İranla sərhədlərin bağlanmasıdır. Güclü Azərbaycan və güclü

Türkiyəni Ermənistan da qəbul etməlidir. Çünki İrəvanın başqa yolu yoxdur. Əgər bunu qəbul etməsə, Dağlıq Qarabağdan Ermənistan dərhal çıxmalı olacaq və hətta Ermənistanın özü, bir dövlət olaraq, mövcud olmaya da bilər. Bunlardan başqa, Nikol Paşinyan Qarabağ klanını məhv etməli və reallığı erməni cəmiyyətinə anlatmalıdır. Lakin N.Paşinyan bunun öhdəsindən hələ də gələ bilmir. Ən maraqlı məqam isə, ermənilərin C.Boltonun həm İsrail, həm Türkiyənin maraqlarını müdafiə edən siyasətçi-diplomat obrazı yaratmalarıdır. C.Bolton "hər yerdə İsrailin maraqlarını müdafiə edir", həm də Türkiyəni "ABŞ-ın ən etibarlı müttəfiqi" sayır, deyirlər. Sonra belə göstərilir ki, C.Bolton şəxsən istərdi ki, Cənubi Qafqaz tamamilə Türkiyə-Azərbaycan cütlüyünün aparıcılığı ilə idarə edilsin, regionun digər dövlətləri bu iki türk dövlətinin ritminə uyğun təkamül yolu seçsinlər. Təbii ki, belə olan halda, İran və Rusiya arxa plana atılır.

Bir də, ermənilər yaxşı bilirlər ki, C.Bolton ABŞ kimi qüdrətli bir dövlətin rəsmisi olaraq, ciddi planlar qura bilər. Lakin şübhə yoxdur ki, C.Bolton hər şeydən öncə, Amerikanın maraqları üçün çalışır. Digər məqamlar ikinci dərəcəlidir və tam olaraq, bu faktordan asılıdır. Bunu hər kəs bilir.

Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə böyük ümidlər bəsləyirik"

"Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması xalqımızın qarşılaşdığı ən ağrılı problem olaraq qalmaqdadır". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda vurğulayıb: "Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində, əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi, ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, Cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik".

Göründüyü kimi, Azərbaycan isə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, inkişaf edən səmərəli iqtisadiyyata və vətəndaş birliyinə malikdir: "Üç il bundan əvvəlki aprel döyüşləri göstərdi ki, Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla da həll etmək gücündədir. Bu baxımdan, Paşinyan Azərbaycanın işğal edilmiş torpaqalarının qaytarılması istiqamətində hər hansı addım atmalıdır, əks halda, Ermənistan iki il bundan əvvəlkindən də ağır məğlubiyyətə düçar olacaq".

Göründüyü kimi, siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın nala-mıxa vurması ölkədə hansısa yenilik vəd etmir. Əksinə, ermənilər daha aydın görürlər ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq, varlıqları Azərbaycanla normal münasibətlərdən keçir. Belə münasibətlər qurulmayana, işğal faktına son qoyulmayana qədər Azərbaycan Ermənistanın, dövlət olaraq, çöküşünü davam etdirəcək.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə