2010-cu ildə meşələrin qorunması və bərpası ilə bağlı ciddi tədbirlər görülüb

2010-cu ildə meşələrin qorunması və bərpası ilə bağlı ciddi tədbirlər görülüb

2011-ci ilin ikinci ayı olsa da dövlət strukturlarının əksəriyyəti ötən ilin yekunlarına həsr olunmuş tədbirlər keçirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də 2010-cu ildə gördüyü işlərə yekun vuraraq yeni ildə görəcəyi işləri bir daha nəzərdən keçirib.

SİA-ya Meşələrin İnkişafı Departamentinin direktoru Rövşən Cəlilovun verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Ekologiya ili" adlandırdığı 2010-cu il ərzində nəzərdə tutulmuş 10550 hektara qarşı 10696 hektar ərazidə meşəbərpa işləri aparılıb ki, ondan 3500 hektara qarşı 3521 hektarı yeni meşələrin salınması hesabına icra olunub.

Departamentin direktoru əlavə edib ki, 2010-cu ildə Respublikamızın ərazisində 10 milyon 835 min ədəd ağaclar əkilib. Bütün bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən həyata keçirilib.

Bakı şəhəri və onun ətrafında 2 milyon 655 min ədəd müxtəlif ağac və kol bitkiləri əkilib ki, onun da 849 hektarda 1 milyon 841 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilib.

4200 hektara qarşı 6675 hektar cavan ağaclıqlar yetişdirilib qiymətli ağaclıqlar kateqoriyasına (meşə ilə örtülü sahəyə) keçirilib.

Nazirliyin tabeçiliyində olan müəssisələrdə 159452 kiloqram meşə toxumları tədarük edilib, 24,3 milyon ədəd ting yetişdirilib.

İl ərzində təqsirkarlar və cavabdehlərin üzərinə aktlaşdırılmış və protokollaşdırılmış özbaşına (qanunsuz) ağac kəsilmələrinin həcmi 34483 m3, köküstə nırx və ziyan məbləği 245813 manat təşkil edib. Digər meşə qanun pozuntuları üzrə 135 hadisəyə görə 117477 manat ziyan aktlaşdırılıb. Ümumi ziyanın məbləği 363290 manat olub ki, onun da 152664 manatı operativ qaydada təqsirkarlardan ödətdirilməsi təmin edilib.

Meşə qanunvericiliyini pozan şəxslər (qanunsuz ağac kəsən və ya meşə torpaqlarını zəbt edən və digər meşə qanunvericiliyi hallarını pozanlar) barədə qanunamüvafiq tədbirlər görülməsi və ziyanların ödətdirilməsi üçün 223720 manat ziyan məbləğində 532 iş inzibati orqanlar, prokurorluq, polis və məhkəmə orqanlarına göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti və onun tabeli qurumları tərəfindən vəzifə borclarının layiqli icra etməyən 379 nəfər meşə mühafizə işçisi barəsində intizam tənbehi tədbirləri görülüb ki, onlardan da 136 nəfəri daşıdıqları vəzifələrdən azad olunublar. Təkcə fevral ayının 1-də keçirilmiş Nazirliyin Kollegiya iclasında görülmüş digər tədbirlərlə yanaşı 5 nəfər müəssisə direktoru: - Balakən, Quba, Ağstafa, Cəlilabad və Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin direktorları və Bərdə MMBM-in baş mühasibi daşıdıqları vəzifələrdən azad ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə