YAP Ağdam rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş sözü açan YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev gənclərin partiyadakı rolundan və onların fəallıqlarından danışıb.
Konfransda YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədri Azər Əliyev hesabat dövrü ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. A.Əliyev qeyd edib ki, YAP Ağdam rayon təşkilatının gənclər birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
Rayon təşkilatının fəalları Əli Məmmədov, Elnur Əhmədov, Mətanət Misirxanova və Baxşeyiş Hətəmov hesabat məruzəsi ətrafında çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət-gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət göstərir.
Konfransda çıxış edən Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov qeyd edib ki, güclü və demokratik siyasi qüvvə olan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamlı inkişafa və uğurlu gələcəyə doğru aparır. Çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan danışaraq, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət - gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Şirxan Baxşalıyev YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədri, Vasif Həsənov və Rauf Bəxtiyarlı isə sədr müavinləri seçiliblər. Həmçinin, təşkilatın gənclər birliyinə 9 nəfərdən ibarət idarə heyəti, 17 nəfərdən ibarət şura üzvü seçilib və YAP Gənclər Birliyinin V konfransına nümayəndələr müəyyənləşdirilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB