Ermənistan insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymur

Ermənistan insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymur

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası və Qarabağa qarşı olan təcavüzkar siyasəti əsrlərdir ki, davam edir. Qarabağ bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuş, Azərbaycanın tarixinə uyğun inkişaf etmişdir. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri «böyük Ermənistan» yaratmaq xülyasının nəticəsidir. Ermənistanın Azərbaycana qarşı olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir.
Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilmiş, sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Maddi-mədəniyyət nümunələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar və faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239, banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla, 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır. Ermənilərin hiyləgər siyasətinin nəticəsidir ki, Azərbaycan ictimai-siyasi hadisələrin burulğanında öz haqqının müdafiəsində səsini ucaldır və sülməramlı niyyətini reallaşdırır.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan bilərəkdən və sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə, qadın və uşaqları hədəfə alır. Hərbi təcavüz nəticəsində, insan hüquqları kobudcasına pozulur, etnik təmizləmə siyasəti və terror aktları minlərlə günahsız azərbaycanlının həyatına son qoyur. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edir.
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN TÖRƏDİLƏN VANDALİZM
2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması çirkin siyasətin daha bir nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşışında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.
1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirmələri hələ də davam edir. Bu müddət ərzində, 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. Bu faciəli ölüm dünya ictimaiyyəti tərəfindən lənətlənir.
"TARİXİ HƏQİQƏT DƏ BİZİM MÖVQEYİMİZİ MÖHKƏMLƏNDİRİR"
Qaniçən ermənilər yaşlılara, qadınlara və uşaqlara zərrə qədər belə mərhəmət etmədən, əsl faşist simaların ortaya qoymuş oldular. Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli və qətiyyətli mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Lakin Azərbaycanın xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalır. 25 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə hələ də nail ola bilməyib. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayır, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermir. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz var, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyi dəstəklənir və ən əsası da, insanlarda düşmənə qarşı mübaribəyə hazır olan yekdil əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən azad ediləcək. Məlum aprel döyüşləri - Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədalətin bərpası idi. "Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir" deyən Azərbaycan Prezidenti İlham Əliyev hərbi gücün də, iqtisadi potensialın da, siyasi nüfuzun da bizdə olduğunu çıxışlarının birində vurğulayıb: "Yəni biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur".
"AZƏRBAYCAN TORPAQLARININ İŞĞALI İLƏ HEÇ VAXT BARIŞMAYACAQ"
2016-cı ilin aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Dövlət başçısının məlum Sərəncamı ilə kənddə böyük quruculuq işlərinə başlandı. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı görülən işlər çərçivəsində fərdi yaşayış evləri və infrastrukturun tikintisi ilə yanaşı, 96 şagird yerlik yeni məktəb binası da tikilib istifadəyə verildi.
Görülən işlər və davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın vaxtlarda bərpa ediləcək. 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürüldü. Bu, bir daha göstərdi ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında olan əzəli torpaqlarımızın azad olunması uğrunda mübarizədən çəkinməyəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə