Tərəflər bir-birlərinə təhqir yağdırdılar
Vaxtilə AMİP-də rəhbər posta malik olmuş, 2005-ci ildə isə partiyadaxili qarşıdurmalar üzündən həmin partiyadan səsli-küylü istefa vermiş, hazırda isə Vətəndaş və İnkişaf Partiyasına (VİP) sədrlik edən Əli Əliyevin mətbuat vasitəsi ilə AMİP-in keçmiş sədri, indiki zamanda partiyanın “fəxri sədri” olan Etibar Məmmədovun “bostanına daş atması” tərəflər arasındakı soyuq münasibəti yenidən gərginləşdirib. Sözün düzü, hər iki şəxs, daha doğrusu partiya rəhbərlikləri arasında 14 ildir ki, hər hansı bir qarşıdurma yaşanmırdı, lakin VİP sədrinin birdən-birə bu qədər aqressiv yanaşma edərək, AMİP-in “fəxri sədrini” hədəfə götürməsi belə nəticəyə gəlməyə zəmin yaradır ki, Ə.Əliyev gündəmdə qalmaq üçün bu addıma gedib.
VİP sədri Əli Əliyevdən AMİ-in “fəxri sədri” Etibar Məmmədova: “Onun halallığını verməmişəm, verməyəcəm də - publik şəkildə məndən üzr istəməyənə qədər”
SİA xəbər verir ki, qalmaqallı müsahibəsində VİP sədri Ə.Əliyev 2005-ci ildə AMİP-in rəhbəri postundan və qurumun üzvlüyündən çıxarılmasına, bu səbəbdən həmin ildən etibarən AMİP lideri Etibar Məmmədovla aralarında yaranan narazılığa toxunub. Belə ki, VİP sədri AMİP təmsilçisi E.Məmmədovun bütün “qırmızı xət”ləri keçdiyini bildirərək, nə bu dünyada , nə də o dünyada onu bağışlamayacağını bildirib. Onun etdiklərinin düzgün olmadığını iddia edən Ə.Əliyev çox maraqlıdır ki, nəyi nəzərdə tutduğunu açıqlamayıb. AMİP liderinin hazırda siyasətdə olmadığını deyən Ə.Əliyev E.Məmmədov aktiv siyasətə qayıdarsa, ondan sonra danışacağını bildirib.
“Həmin şəxslə (Etibar Məmmədovla-red.) uzun bir siyasi yol keçmişəm. Həmin partiyanın üzvlüyündən sədrliyinə qədər yüksəlmişəm. Siyasi mübarizə aparmaq olar. Təbiət etibarı ilə nə yaxşılığı, nə də pisliyi unudan adam deyiləm”, qeyd edən VİP sədri xatırladıb ki, E.Məmmədov 2005-ci ildəki siyasi mübarizədə “qırmızı xət”lər keçilib: “O şəxs haqqında bu günə qədər mətbuatda danışmamışam. Siyasi mübarizədə o “qırmızı xət”ləri keçdi. Onun etdikləri düzgün hərəkətlər deyil. Çünki elə şeylər var ki, onları etmək olmaz. O adam siyasətdə yoxdur və haqqında danışmıram. Siyasətə dönəcəyi təqdirdə görəcəksiniz ki, nələr danışacam. Onunla haqq-salamımız yoxdur, ola da bilməz. Onun halallığını verməmişəm, verməyəcəm də - publik şəkildə məndən üzr istəməyənə qədər. O adam mənim üçün yoxdur, əlaqəm ola bilməz. Mənim də, partiyamın da fəaliyyətinə baxın, onun da, partiyasının da fəaliyyətinə baxın. Bilinmir ki, müxalifətdədirlər, ya yox”.
AMİP-in katibi Əli Orucovdan VİP sədri Əli Əliyevə: “Nə ağılsızmış səndə olan baş...”
Qeyd edək ki, Ə.Əliyevin müsahibəsi cavabsız qalmayıb və ona dərhal cavabı məhz AMİP katibi Əli Orucov cavab verib. “Mən VİP adlı dərnəyin Əli Əliyevin nədən durub-durub da, AMİP və onun “fəxri lideri” Etibar Məmmədov haqqında başından böyük iddialar və fikirlər səsləndirməsinin budəfəki mənasını anlamadım”, deyə qeyd edən Ə.Orucova görə, Ə.Əliyevə kimsə bir söz deməyib və onun birdən-birə belə aqressiv yanaşma etməsi anlaşılmazdır: “Adamın adı çəkilməyib, onun ipini tərpədən olmayıb. Görünür ya gündəmdə qalmaq, ya da özünü kimlərəsə təqdim etmək üçün bu addımı atıb. Açığı, Əli Əliyev bizim üçün yoxdur və onun nə deməyi də maraqlı deyil. Lakin bizim hər dəfə hər yoldan ötənə baş qoşmamağımız deyəsən onu bir qədər də cürətləndirib. Əlinin dünyaları xəyanət və satqınlıqlardan, ikiüzlülükdən, saxtalıqdan ibarətdir. Hər nədən danışırsa danışsın, onun doğruluqdan, dürüstlükdən danışmağa haqqı yoxdur. Nankor birisinin halallıqdan danışması da absurddur. Mən onun sayıqlamalarına hansısa uzun-uzadı cavab verməyi lüzum görmürəm. Əli Əliyevin hətta Etibar Məmmədovu fəal siyasətə qayıdacağı təqdirdə şantaj etməsi isə çox ironikdir. Bir də məşhur şerdə deyildiyi kimi: "Nə ağılsızmış səndə olan baş, neylər qartala qarğa atan daş!..”
Beləliklə, onsuz da dava-dalaşlı, ziddiyyətli, parçalanmış və xaotik dərəcədə bir-birlərinə qənim kəsilmiş ənənəvi müxalifət düşərgəsində daha iki siyasi partiya – VİP və AMİP arasında da cəbhə açıldı və bütün bunlar belə qənaətə gəlməyə zəmin yaradır ki, siyasi ictimaiyyət bundan sonra hələ çox bənzər düşərgədaxili savaş cəbhələrinin açılmasının şahidləri olacaqlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB