“Milli Şura”, “AXH” və s. kimi “birliklərin” heç birinin siyasi uğur əldə edə bilməmələrinin əsasında xalqın onları qəbul etməmə faktları dayanır.
Hakimiyyətin sosial islahatlar paketini davamlı şəkildə və xalqın rifahı naminə artırması ənənəvi müxalifəti ciddi şəkildə narahat etməyə başladıb. Atılan hər bir addım isə növbəti atılacaq uğurlu addımlara stimul verir. Ümumiyyətlə, təkcə bu ilin əvvəlindən başlayaraq, xalqın müxtəlif təbəqələrinin həyat səviyyələrinin daha da yaxşılaşdırılması, maaşların artırılması və s. çoxsaylı qərarlar hər bir vətəndaşda ruh yüksəkliyi yaratmaqla yanaşı, həm də gələcəyə inamını əsaslı şəkildə möhkəmləndirir. Bu reallıq eyni zamanda iqtidarı xalq qarşısındakı vədlərini yerinə yetirən hakimiyyət kimi təqdim edir.
Əbəs deyil ki, bunu düşərgə təmsilçilərinin özləri də necə deyərlər, öz dilləri ilə etiraf edirlər. Lakin daha bir diqqətçəkici məqam müxalifətin xalqın qarşısında istədiyi dəstəyi ala bilməmələri, uğursuzluqlarını zəiflikləri ilə əlaqələndirmələridir. Sirr deyil ki, düşərgədə kəskin parçalanma halları hazırda da yaşanır və istər ənənəvi, eləcə də radikal, yaxud dağıdıcı düşərgənin partiya sədrləri bu və ya digər şəkildə bir-birlərini inkar edirlər. Ümumiyyətlə, “Milli Şura”, “AXH” və s. kimi “birliklərin” heç birinin siyasi uğur əldə edə bilməmələrinin əsasında xalqın onları qəbul etməmə faktları dayanır. Ona görə də inqilabi islahatlar paketi ətrafında müxtəlif manipulyasiyalara əl ataraq, yerdə qalan zəif mövqelərini qorumağa səy göstərirlər. Amma göründüyü kimi, bu da onlarda alınmır.
Tural Abbaslı: “İnsanlar artıq illərdir ki, eyni simalardan yorulub və onların böyük əksəriyyətinə etimad etmir”
Düzdür, elə müxalifətçi partiya sədrləri də var ki, onlar uğursuzluqlarını haqlı olaraq, uzun illərdir özlərini “ana müxalifət partiyasının lideri” kimi təqim edən şəxslərin – məsələn, Əli Kərimlinin, İsa Qəmbərin və başqalarının üzərinə atırlar. Buna misal kimi “Ağ partiyanın” sədri Tural Abbaslını göstərə bilərik. O, mətbuata açıqlamasında deyib ki, müxalif düşərgədə çoxdandır dəyişikliklər olmur. “İnsanlar artıq illərdir ki, eyni simalardan yorulub və onların böyük əksəriyyətinə etimad etmir”, etirafını edən T.Abbaslı həmin məqamda müxalifətin öz daxilində yeni liderlər yetişdirib cəmiyyətə təqdim etməli olduğunu deyib...
Fakt budur ki, əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən inqilabi islahatçı addımların davamlı qaydada atılması xalqın hakimiyyətə inam və etimadını daha çox gücləndirib
Maraqlıdır ki, düşərgə daxilində yeni lider deməklə T.Abbaslı hansı məqama eyham vurub? Çox yəqin ki, o bu məsələdə elə özünü nəzərdə tutub. Ancaq xatırlayarsaq ki, hazırda T.Abbaslının sədri olduğu siyasi partiyası “AXH” kimi parçalanmış qurumda təmsil olunur və oradakı bir sıra şəxslərlə fikirlərini bölüşmür, bu zaman düşərgədə hətta özlərini “yenilikçi” kimi təqdim edənlərin də köhnə və nimdaş müxalifətçi partiya sədrlərindən fərqlənmədiklərini qeyd edə bilərik.
Sadəcə, fakt budur ki, əhalinin sosial, iqtisadi vəziyyətinin yaxşılaşmasına təkan verən inqilabi islahatçı addımların davamlı qaydada atılması xalqın hakimiyyətə inam və etimadını daha çox gücləndirib. Hakimiyyətin mövqelərinin istər siyasi cəhətdən, istərsə də digər tərəflərdən güclənməsi düşərgəni narahat edir. Amma bu narahatlıq varsa, o demək deyil ki, müxalifət xalqın maraqlarına qarşı çıxmalıdır. Çünki belə olarsa, onsuz da lüzumsuz, gücsüz və siyasi cəhətdən kortəbiilik təsiri bağışlayan müxalifəti elə hakimiyyətə dəstək göstərən xalq növbəti dəfə siyasi səhnədən silib-atacaq. Bu baxımdan, daha yaxşı olardı ki, boş-boş, kimsəyə təsir göstərməyən “siyasi fikirlərlə” çıxış edib, özlərini aldatmaqdansa, həqiqi reallığı dərk etsinlər. Nə qədər ki, gec deyil...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB