Azərbaycan vətəndaşlarının sosial rifahına xidmət edən son 6 ay ARAŞDIRMA
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin üstünlüklərindən biri isə vətəndaşların rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənən islahatları özündə ehtiva etməsidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə düşür.
Azərbaycanda ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası genişlənir. Cari ilin 6 ayı müddətində əhalinin bütün təbəqələrini əhatə edən sosialyönümlü Sərəncam və fərmanlar nəticəsində insanların yaşayış səviyyəsi xeyli yüksəlib.
Ötən 6 aya SƏYAHƏT
Ötən müddətə qısa bir səyahət etsək, o zaman ilin əvvəlindən başlayaraq şəhidlərin vərəsələrinə 11 min manat ödənişlərin verilməsi, cari ilin martın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdlərinin 242 manatdan 300 manata çatdırılması, minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırılması, minimum pensiyaların məbləğinin təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox, təqribən 100 minə yaxın tələbənin təqaüdünün artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata yüksəldilməsi, cari ilin aprelin 1-dən isə ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin məbləğlərində əhəmiyyətli dərəcədə, ümumilikdə, 12 növ müavinətdə, təqribən 120-130 faiz arasında artım baş verdiyini görə bilərik.
Prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi genişləndi
Azərbaycanda həssas qrupların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına üstünlük verildiyini nəzərə alsaq, sosial sahədə əlillərlə bağlı atılan addımlar Azərbaycan vətəndaşları tərəfindən dəstəklənərək, yüksək qiymətləndirilir. Belə ki, 2019-cu ilin aprelində Ölkə başçısının Fərmanı ilə Prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi genişlənməklə yanaşı, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü təsis edildi. Bununla yanaşı, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü təsis olundu.
Vətəndaşları narahat edən problemlər həllini tapdı
Azərbaycan Prezidenti cari ilin 6 ayında xalqın mənafeyinin müdafiəçisi olduğunu onları narahat edən mühüm problemlərin həllinə yönələn Fərmanları ilə bir daha sübut etdi. Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli mənzillərin sənədləşməsi məsələsinin həlli istiqamətində Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin fevralın 19-da imzalanan Fərman bir çoxlarını sevindirdi. Çünki ölkə başçısının imzaladığı sənəd əsasında məsələyə son qoyuldu. Bu istiqamətdə növbəti mühüm qərar problemli kreditlərlə bağlı məsələ idi ki, fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman məsələnin köklü şəkildə həllinə imkan verməklə yanaşı, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından da ciddi addım idi. Bu, həm də cəmiyyətimizin hətta ən kiçik narahatlığına səbəb ola biləcək məqamların vaxtında dövlət nəzarətinə alındığını nümayiş etdirdi. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan tezliklə bu məsələni həll eərək, dünyaya daha bir nümunə göstərdi.
Əmək haqları 40-50 faiz artırıldı
Cari ilin əvvəlindən xalqın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində anonsu verilən sosial paket ötən qısa müddət ərzində növbəti inqilabi addımlarla yaddaşlara iz saldı. Prezident İlham Əliyev tərəfindən iyunun 18-də imzalanan 17 sənəd əsasında müxtəlif kateqoriyalar üzrə sentyabrın 1-dən əməkhaqqının əhəmiyyətli dərəcədə artımı gerçəkləşdirildi. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla maaşların 40-50 faiz artırılmasını nəzərdə tutur. Eyni zamanda dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqları 20-40 faiz artırılması, ölkəmizin artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf edildiyini ortaya qoydu.
Qarşıdakı hədəflər
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub. Layihəyə əsasən əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.
Azərbaycanda cari ilin 6 ayında sosial istiqamətdə həyata keçirilən işlər deməyə əsas verir ki, sosial xarakterli qərarlar davamlı xarakter alıb və ilin sonunadək bu cür qərarların vaxtaşırı veriləcəyi gözləniləndir. O zaman əminliklə deyə bilərik ki, 2019-cu ilin sonunadək vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksələcək, xalqımızın güzəranı daha da yaxşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB