"Prezidentin siyasətinin təməlini vətəndaşın maraqları təşkil edir" ÖZƏL-MÜNASİBƏT

"Prezidentin siyasətinin təməlini vətəndaşın maraqları təşkil edir" ÖZƏL-MÜNASİBƏT

“Cənab Prezident İlham Əliyevin qəbul etdiyi son qərarlar, imzaladığı sərəncamlar özünün mahiyyəti və məqsədinə görə çox dərindir. Onların mahiyyətini bilməkdən ötrü mütləq birinci növbədə biz bunun təməl, ana xəttinə diqqət etməliyik”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, dövlət başçısı 2003-cü ildən bəri yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması olduğunu deyib: “2003-cü ildən bəri cənab Prezidentin bütün nitqlərini hansı toplantılarda olursa-olsun biz təkrarən oxusaq görərik ki, o həmişə bildirib ki, prezidentin siyasətinin təməlini Azərbaycan vətəndaşının maraqları təşkil edir. Azərbaycan vətəndaşı bugün dünənkindən, sabah isə bugünkündən yaxşı yaşamalıdır. Onun üçün də bərabər imkanlar olmalıdır. Bu bir tərəfdən Azərbaycan Prezidentinin millətsevərliyinin, insansevərliyinin göstəricisidir, digər tərəfdən Azərbaycanın dünyanın sosial dövlət baxımından öndə olan dövlətləri cərgəsinə daxil olması deməkdir. Bu qərarların qəbul edilməsinin köklərinə nəzər salaq.

Sizlər bilirsiniz ki, belə qərarlar birdən-birə qəbul olunmaz. Bundan ötrü cənab Prezidentin tapşırığı ilə müəyyən işçi qrupu onları işləyər. Dövlət başçısı həmişə çıxışlarında bununla bağlı əvvəlcədən işarələr (pensiyaların, əmək haqqlarının artırılması ilə bağlı və s.) verir. Bu sosial paket nəyin nəticəsində qəbul olundu və hansı şəraitdə? Görün, bu nə qədər həm cəsarətli addımdır, həm millətsevər addımdır, həm də bunun nə qədər dövlət üçün böyük güc olduğu anlamını biz bilməliyik. Bizim ərazilərimizin 20 faizi işğal olunub. Bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Həmin insanlar çox gözəl imarətlərdə, evlərdə yaşayırdı və o torpaqlarda məhsullar istehsal olunurdu, bazara çıxarılırdı. Belə bir şəraitdə cənab Prezidentimiz bu addımları atır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə