Bu gün müxalifəti dağıdanlar Elçibəyə xəyanət edənlərdir ANALİTİK
Razi Nurullayev: “Zorla, güclə və çevrilişlə “demokratiya” gətirən ya diktatorluq edəcək, ya da demokratiya adı altında ölkəyə xaos gətirəcək”
“Güman edirəm ki, “Yurd” sədri Əli Kərimlinin məqsədi istənilən yolla hakimiyyətə yiyələnməkdir. Bu isə yolverilməzdir”. SİA xəbər verir ki, bu fikirləri alternativ AXCP-nin sədri, vaxtilə Əli Kərimlinin müavini olmuş Razi Nurullayev partiyasına yaxın sayta müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün ağızdolusu demokratiyadan dəm vuran dağıdıcılar bütün mənalada yanlış fikir yürüdürlər və onlar sadəcə demokratiya pərdəsi altında şəxsi mənfəətlərini, siyasi iddialarını önə sürürlər. Bu isə ümumiyyətlə, doğru seçim, normal siyasi yanaşma deyil. SİTAT: “Ağızdolusu danışdığımız demokratiyanı güc yolu ilə gətirmək və saxlamaq mümkün deyil. Zorla, güclə və çevrilişlə “demokratiya” gətirən ya diktatorluq edəcək, ya da demokratiya adı altında ölkəyə xaos gətirəcək”.
“İstənilən halda İlham Əliyev daha çox səs toplayır”
Alternativ cəbhəçi sədrinin dediyinə görə, bu gün özlərini hakimiyyətə iddialı kimi göstərənlər hakimiyyət qarşısında zəifdirlər, ona görə də xaos xarakterli çağırışlar edir, icazəsiz mitinq və s. çağırışları edir, guya dəyişiklikləri seçkidən kənar vasitələrlə əldə edəcəklərini düşünürlər. Lakin fakt ortadadır və xalqın böyük əksəriyyəti ölkə başçısı İlham Əliyevi dəstəkləyir, seçkilərdə Ona səs verirlər: “Deyirlər ki, dəyişiklik seçkilər vasitəsilə mümkün deyil, seçkilər saxtalaşdırılır və xalqın iradəsini əks etdirmir. Bu fikirlə razılaşmıram. Çünki istənilən halda İlham Əliyev daha çox səs toplayır”.
“Elçibəy hakimiyyətinə xəyanət edənlər hələ də ortadadır”
Razi Nurullayev dağıdıcı təfəkkürə malik müxalifətin uğursuzluqlarının, məğlubiyyətlərinin səbəblərinin olduğunu deyib: “Səbəb isə müxalifətdaxili çəkişmələr, söyüşlər, bir-birinin ayağının altını qazması, müxalifət içində daxili demokratiyanın yerlə yeksan olması, hələ də müxalifətin fəaliyyətində hərc-mərcliyin hökm sürməsi, bunun 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş verən hadisələrə bütünlüklə bənzəməsi və Elçibəy hakimiyyətinə xəyanət edənlərin hələ də meydanda olmasıdır”.
Beləliklə, alternativ AXCP-nin sədrinin bu kimi məsələlərdə haqlı fikirlər söyləməsini inkar etmək olmaz. Çünki daha bir fakt ondadır ki, əgər bu gün haqqında danışılan həmin dağıdıcı şəxslər zamanında öz liderlərinə belə xəyanət ediblərsə, bu gün isə onun bayrağı altında siyasi manipulyasiyalara yol verib, özlərini onun davamçıları kimi təqdim edirlərsə, sabah həmin adamlar xalqa, dövlətə qarşı daha ağır xəyanətlər törədə bilərlər. Ona görə də xalq belələrinə ümid etməməklə yanaşı, həm də inanmır, siyasətlərini rədd edir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB