İnsanların sosial rifahının yüksəldilməsində daha bir inqilabi addım

"2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin təqdim etdiyi yeni uğurlu sosial paket bu bəyanatın daha bir real təzahürüdür". Bu fikirləri "SİA"-ya açıqlamasında millət vəkili Kamaləddin Qafarov bildirib. Onun sözlərinə görə, dövlət başçısının cari ilin 18 iyun tarixində imzaladığı sərəncamlar sosial sahədə yeni inqilabi addımlar olmaqla yanaşı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətinə yönəlib. Məlum sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub: "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır".
Millət vəkili ölkəmizdə son 16 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparıldığını, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafının təmin edildiyini vurğulayıb: "Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Son 16 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Bildiyimiz kimi, 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır".
K.Qafarov dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam və 4 Fərmanın sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa koteqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablandığını və bunları sosial sahədə inqilabi dəyişiklik olduğunu diqqətə çatdırdı: "Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən artırılaraq, 180 manata çatdırılması oldu. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım, eyni zamanda, qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına müsbət təsirini göstərir. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu".
Məlumdur ki, sosial paket elan edilərkən, Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi, - deyən millət vəkili bu günlərdə dövlət başçısının imzaladığı sərəncamların ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdiyini və bu istiqamətdə cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırıldığını bildirdi:"Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə