Prezident İlham Əliyev Litva Seyminin sədrini qəbul edib

Prezident İlham Əliyev Litva Seyminin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 8-də Litva Seyminin sədri, xanım İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, iki ölkə arasında siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən prezident İ. Əliyev iqtisadi əlaqələrin genişlənməsi üçün də yaxşı perspektivlərin olduğunu qeyd edib.

Parlamentlərarası əlaqələrin önəmini vurğulayan dövlət başçısı ölkələrimizin Avropa Parlamenti, Avropa Şurası, ATƏT və NATO-nun parlament assambleyaları kimi müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq təcrübəsinə malik olduğunu xatırladıb, bu əməkdaşlığın artıq ənənəvi xarakter daşıdığını bildirib.

Öz növbəsində, qonaq ölkəsini təmsil edən şirkətlərin Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcəyini xatırladaraq, bu tədbirin müxtəlif sahələrdə əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İ. Dequtiene Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə