Rasim Musabəyov: “Ədalətli və obyektiv hesabatın hazırlanması Azərbaycanın mövqeyi üçün dəstək olacaq” - MÜNASİBƏT
ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası BMT-nin ekspertləri ilə birgə işğal altında olan Dağlıq Qarabağ ətrafı rayonlarda 2010-cu il oktyabrın 4-14-ü tarixlərində apardığı araşdırma barədə hesabatını hələ də açıqlamayıb. Azərbaycan tərəfi qurumdan ədalətli və obyektiv hesabat gözləyir. Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda da bu məsələyə toxunub. Dövlət başçısı ümid etdiyini bildirib ki, missiyanın hesabatı obyektiv, ədalətli hazırlanacaq və balanslaşdırılmış olmayacaq.
Ekspertlər isə hesab edir ki, hesabatın açıqlanmasındakı gecikmə ATƏT-in ermənipərəst siyasəti ilə bağlıdır. SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin ürəyi ermənilərlədir. Millət vəkili qeyd edib ki, araşdırma nəticəsində ortaya çıxarılan faktlar ermənilərin əleyhinədir: "Yaxşı anlayırlar ki, faktlar masaya gələndən sonra Azərbaycan bunları ictimailəşdirəcək, BMT-nin Baş Assambleyasında qaldıracaq və daim himayə olunan ermənilər çətin vəziyyətə düşəcəklər. Nəzərə alsaq ki, danışıqlar da bir nəticə verməyib. Anlayırlar ki, faktların ortaya çıxması, ədalətli və obyektiv hesabatın hazırlanması Azərbaycanın mövqeyi üçün dəstək olacaq".
R.Musabəyov hesab edir ki, ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası hesabatı nə qədər gecikdirməyə, faktları gizlətməyə çalışsalar da bu mümkün olmayacaq: "Gec-tez faktları açmağa məcbur olacaqlar. Həqiqəti gizlətmək mümkün olmayacaq. Hesab edirəm ki, bundan sonra Azərbaycan məsələni BMT-nin Baş Assambleyasında qaldıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə