YAP Qusar rayon təşkilatı Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

YAP Qusar rayon təşkilatı Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

YAP Qusar rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günününə həsr olunmuş tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov bildirib ki, 15 iyun 1993-cü il xalqımızın qurtuluş və qəhrəmanlıq tarixidir: "Bu tarix Ulu Öndər Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin və həmrəyliyinin rəmzi təcəssümüdür. 15 iyun tarixi Azərbaycanın böyük faciə və məşəqqətlərdən qurtuluşunun həqiqi ifadəsinə, inkişaf və tərəqqi ilə səciyyələnən yeni mərhələsinin başlanğıcına çevrilmişdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi bu ağır günlərdə Ulu Öndər xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdı. Bu, sözün əsl mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyən Ulu Öndərin xalqı və vətəni qarşısında misilsiz fədakarlığı idi". Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının gənclər birliyinin sədri Nahid Hacıyev və rayon təşkilatının idarə heyətinin üzvü Zahir Mustafayev bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Daha sonra partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim olunub.Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə