Bakı Slavyan Universitetində imtahan sessiyasının monitorinqi aparılıb
Dünən BSU-da aparıcı KİV nümayəndələri və təhsil ekspretlərinin iştirakı ilə 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb. Qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib və burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə tanış olublar.
Sonra müşahidəçilər Operativ Qərargahın işi ilə tanış olublar. BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər və imtahanlara hazırlıq barədə məlumat verib.
Hazırda universitetin əsas və ikinci tədris binasında ümumi 55 auditoriyada imtahan keçirildiyini diqqətə çatdıran N.Əliyeva məlumat verib ki, bu imtahanlardan 36-sı əsas binada, 19-u ikinci tədris binasında aparılır. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyyələrini verdiyini və imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. N.Əliyeva imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini qeyd edib. Rektor imtahanlarla bağlı məsələlərin əvvəlcə universitetin Elmi Şurasında müzakirə olunduğunu da diqqətə çatıdırıb.
Rektor müşahidəçilərə qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib. Rektorun sözlərinə görə, imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir və çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə Komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə, universitetin Münaqişə Komissiyasında baxıldığını bildirir. N.Əliyeva qeyd edib ki, iyunun 1-dən etibarən başlayan imtahanlar iyulun 6-a qədər davam edəcək.
Rektor universitetin beynəlxalq əlaqələrinin daha da genişləndiyini diqqətə çatıdıraraq, hazırda BSU-nun 113 xarici universitetlə əməkdaşlığa dair müqaviləsinin olduğunu bildirib. O, qeyd edib ki, bu müqavilələr çərçivəsində xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, habelə, beynəlxlaq elmi konfranslar həyata keçirilir və elmi məcmuələr nəşr olunur. Görüşün sonunda jurnalistlərin imtahan sessiyası ilə bağlı təəssüratları dinlənilib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB