"Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanda inkişafın təməlini qoyub" RƏY - ÖZƏL

"Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanda inkişafın təməlini qoyub" RƏY - ÖZƏL

“15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Çünki 1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda hökm sürən dərin böhrandan bizi böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

1990-cı illərin əvvəllərində bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siya2si böhran, xaosun Azərbaycanı ciddi təhlükələrə doğru sürüklədiyini xatırladan deputat söyləyib ki, bu proses 1993-cü ilin iyun ayında özünün kuliminasiya nöqtəsinə çatdı və ö zamankı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı:

“Belə bir zamanda xalqın təkid və tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi”.

S. Fətəliyeva söyləyib ki, ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Onun sözlərinə görə, məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın müstəqilliyi qorunub, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb və inkişafın təməli qoyulub.

Deputat qeyd edib ki, Ümummilli liderin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib: “ Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə