"Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək" ÖZƏL-ŞƏRH

"Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək" ÖZƏL-ŞƏRH

“Azərbaycan torpaqlarını işğal edən Ermənistan daima qorxmalıdır. Çünki Azərbaycan gec-tez öz torpaqlarını azad edəcək. Bu baxımdan, Türkiyə və Azərbaycanın birgə hərbi təlimindən ermənilərin indi təşviş keçirməsi də yeni bir məsələ deyil. Aprel hadisələri isə ermənilərin qorxu hissini təzələdi. Praktiki şəkildə göstərdi ki, Azərbaycan ordusu öz torpaqlarını azad etməkdə israrlıdır”. Bunu SİA-ya açıqlamasında ehtiyatda polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına gəlincə, hərbi ekspertin sözlərinə görə, bizim nəinki hərbi, digər sahələrdə də münasibətlərimiz yüksək səviyyədədir: “Bu ölkənin hərbiçilərinin Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında özünəməxsus yeri var. Bilirsiniz ki, müstəqilliyin ilk illərində kadr çatışmazlığı zamanı Türkiyə Silahlı Qüvvələrinin mütəxəssisləri, zabitləri Azərbaycanın kadr potensialının hazırlanmasında yaxından iştirak ediblər. Biz Türkiyə hərbiçiləri ilə mütəmadi olaraq əməkdaşlıq edirik, birgə təlimlər keçirik. Keçən il keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi təlimini də qeyd edə bilərik. Azərbaycan-Türkiyə hərbi təlimləri isə demək olar ki, ildə bir neçə dəfə keçirilir. Təbii ki, bu təlimlər nəzərdə tutulan plana uyğun şəkildə həyata keçirilir. Burada qarşıya qoyulan məqsəd isə həm Azərbaycan, həm də Türkiyə silahlı qüvvələrinin təlimlərdə iştirak edən heyətinin bilik və təcrübəsinin artırılmasına istiqamətlənib. Təlimdə iştirak edən birləşmələrinin qərargahları tərəfindən birgə planların hazırlanması, hərbiçilər arasında koordinasiyanın təmin edilməsi, eləcə də onların döyüş tapşırıqları ilə bağlı vərdişlərə yiyələnməsi və digər məsələlər diqqət mərkəzində olur”.

Ş.Ramaldanov əlavə etdi ki, bu gün Türkiyə güclü silahlı qüvvələrə sahibdir və NATO üzvüdür: "Əgər bu gün Azərbaycan qardaş ölkənin silahlı qüvvələri ilə müştərək fəaliyyət göstərirsə, birgə təlimlər keçirsə, bu, o deməkdir ki, mövcud durum silahlı qüvvələrimizin dünyanın ən güclü orduları ilə birgə hərbi təlimlər keçirməsinə imkan verir. Bu, həm də Azərbaycan Silahlı Qüvvələrinin inkişafının göstəricisidir. Eyni zamanda qeyd edim ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri gələcəkdə hər hansı birgə fəaliyyət üçün bir platformadır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə