"Fransa məhkəməsi ədaləti bərpa etdi" ÖZƏL-MÜNASİBƏT

"Fransa məhkəməsi ədaləti bərpa etdi" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Hesab edirəm ki, bu addım tam qanunauyğundur". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqlarının hamısı Azərbaycan ərazisidir: "BMT, beynəlxalq qurumlar və təşkilatlar səviyyəsində Azərbaycanın ərazi bütövlüyü tanınır. Separatçı rejim tərəfindən işğal altında olan torpaqlarla bağlı beynəlxalq səviyyədə hər hansı bir addımın atılması tam qanunaziddir. Fransa məhkəməsi tərəfindən bu sazişin də ləğv edilməsi təbii ki, ermənilərin beynəlxalq səviyyədə separatçılıqla bağlı atdığı addımlara bir zərbədir. Bundan sonra da separatçı rejim tərəfindən beynəlxalq səviyyədə hər hansı bir addım atarsa, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq səviyyədə təmin etməklə bağlı müvafiq beynəlxalq məhkəmələrə yenə müraciətlər edəcək. Beləcə işğal altındakı Azərbaycan torpaqlarında hər hansı bir qurumun yaranmasına Azərbaycan yol verməyəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə