"Sərəncam uşaqlara göstərilən diqqət və qayğının göstəricisidir" RƏY-ÖZƏL

"Sərəncam uşaqlara göstərilən diqqət və qayğının göstəricisidir" RƏY-ÖZƏL

“Uşaqların sağlam və firavan böyüməsi, onların rifah halının daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib. Prezidenti İlham Əliyevin bu günlərdə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı buna əyani sübutdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Sərəncama əsasən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan beş milyon manat ayrıldığını xatırladan deputat söyləyib ki, bu addım bir daha göstərdi ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı yüksək səviyyədədir.

K. Əliyeva qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir: “Məhz bunun nəticəsidir ki, Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının qorunması, sağlam və vətənpərvər ruhda yetişməsi üçün bir sıra addımlar atılır, mühüm qərarlar verilir”.

Azərbaycanda uşaqların, xüsusilə də qayğıya ehtiyacı olanlar Heydər Əliyev Fondu tərəfindən hər zaman diqqətdə saxlaıldığını xüsusi vurğulayan deputat bildirib ki, Fond tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbüsü ilə əvəzsiz işlər görülüb: “Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə