Dövlət başçısının "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" imzaladığı Sərəncamı bu sektorda institusional islahatları sürətləndirəcək
Ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətləri nəticəsində, Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrinin həyata keçirilməsi prosesi ölkə iqtisadiyyatının sürətli inkişafına, neft gəlirlərinin insan kapitalına yönəldilməsinə səbəb olub. Həyata keçirilən tədbirlər Azərbaycanın enerji ölkəsi kimi uzunmüddətli inkişafında, eləcə də, enerji təhlükəsizliyinin təminatçısına çevrilməsində mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönümlü və uzaqgörən siyasəti nəticəsində, ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi energetika sahəsi sürətlə inkişaf edərək, iqtisadiyyatın davamlı artımına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, ümumilikdə, ölkəmizin tərəqqisinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilib.
Həyata keçirilən tədbirlərin davamı olaraq, energetika sektorunda institusional islahatların sürətləndirilməsi, bu sahədəki fəaliyyətin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, sahənin inkişafına özəl, o cümlədən, xarici investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması məqsədi "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti 29 may tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə, "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası"nın layihəsini on iki ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Sərəncamda qeyd olunur ki, nazirlik elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb, dörd ay müddətində, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini isə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qeyd olunub.
Müstəqil Azərbaycan dövlətinin Memarı, Ulu Öndər Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində, ölkəmizin energetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB