YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib

YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib

YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Meydanına gələrək, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzüb, Onun əziz xatirəsini ehtiramla yad ediblər. Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda 304 nəfər nümayəndə iştirak edib. Konfransda öncə, Azərbaycan Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Quliyev açaraq iclasda geniş hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Ağcabədi rayon təşkilatı gənclər birliyi 6430 nəfər üzvü öz sıralarında birləşdirir. Bu isə, YAP Ağcabədi rayon təşkilatının 15351 nəfər partiya üzvünün 41,8 faizi deməkdir. 6430 nəfər gəncin 3638 nəfəri isə (56,6%) gənc qadınlardır. Təşkilatın tərkibində olan gənclərin 1730 nəfəri ali, 2850 nəfəri orta ixtisas, 1850 nəfəri orta təhsillidir.

O bildirib ki, bu gün gənclərimiz dövlət müstəqilliyimizin qorunub-saxlanması və daha da inkişaf etdirilməsini, işğal altında olan tarixi torpaqlarımızın azad edilməsini Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla davam etdirməsində görür.

Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva, Ağcabədi Pedaqoji Kollecin tələbəsi Yaşar Mehdiyev, YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Radə Qafarova, Ağcabədi rayon icra hakimiyyətinin əməkdaşı Ceyhun Mamedov, ADPU-nun Ağcabədi filialının tələbəsi Lalə Qasımova çıxış edərək, hesabat dövründə gənclər birliyi tərəfindən həyata keçirilən işlər və görülən tədbirlər barədə konfrans iştirakçılarına məlumat veriblər.

Konfransda YAP Ağcabədi rayon təşkilatının gənclər birliyinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Sonra təşkilatı məsələlərə baxılıb. 29 nəfərdən ibarət YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin şura üzvü, 13 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilib.

Konfransda açıq səsvermə yolu ilə Ceyhun Mamedov rayon təşkilatı gənclər birliyinin sədri, Nurəddin Hacıyev və Cavid Bünyatov gənclər birliyinin sədr müavinləri, həmçinin, YAP Gənclər Birliyinin V Konfransına 3 nəfər nümayəndə seçilib.

Konfransın işində Milli Məclisin deputatı Tahir Rzayev, YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov gənclərin ölkənin ictimai-siyasi həyatında rolu və ölkədə həyata keçirilən gənclər siyasəti barədə, həmçinin, gənclərin qarşısında duran vəzifələr barədə çıxış edərək, öz tövsiyələrini veriblər.

Konfransda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul edilib.

ZÜMRÜD BAYRAMOV

Bütün xəbərlər Facebook səhifəmizdə