Spiros Kuvelis: "Xəzər regionu Yunanıstan üçün strateji əhəmiyyət daşıyır və Azərbaycan bu regionda mühüm rol oynayır" - MÖVQE

"Bizim ölkəmiz üçün Xəzər regionu strateji əhəmiyyət daşıyır və hesab edirik ki, Azərbaycan bu regionda mühüm rol oynayır. Ölkələrimiz arasında olan münasibətlər qətiyyətlidir və səmimidir. Bunun bariz nümunəsi kimi, ötən illər ərzində yüksək səviyyədə, eləcə də nazirlər səviyyəsində səfərlərin fəallaşmasını göstərmək olar". SİA-nın xəbərinə görə, bunu iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın üçüncü iclasında Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelis deyib. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin yaxşılaşdırılması üçün yaxşı imkanlar mövcuddur və bu əlaqələrin inkişafı həm Yunanıstan həm də Azərbaycan üçün qarşılıqlı maraq kəsb edir: "Hazırda maliyyə və inkişaf siyasətində sərt və qətiyyətli tədbirlər həyata keçiririk. Əminik ki, biz düzgün yoldayıq. Buna misal olaraq 2010-cu il üçün büdcə kəsirinin 37% azalmasını göstərmək olar. Böhranı dəf etmək üçün biz inkişaf siyasətinə xüsusi önəm veririk. Bu məqamda yeni investisiya qanunu, eləcə də həmin qanunla turizm, infrastruktur, yaşıl inkişaf, bərpa olunan enerji mənbələri, həmçinin, ölkəmizin digər təbii ehtiyatlarında səmərəli istifadə olunması üçün yaradılan şəraiti bildirmək istəyirəm. Bizim şəraitimizdə iqtisadi böhrandan çıxmağın digər vacib elementi isə Yunanıstanın Avropa İttifaqı, Cənub Şərqi Avropa, Aralıq və Qara Dəniz hövzəsi ölkələri ilə əsas rabitə əlaqəsi olmasıdır. Bu böyük coğrafi regionda, ölkəmiz digər ölkələrin bir-birləri ilə biznes əlaqələrinin qurulmasında, habelə, həmin ölkələrin infrastrukturlarını inkişaf etdirmək və müasirləşdirmək, siyasi və iqtisadi səviyyədə institutların yaradılmasında onların səylərini dəstəkləyən və irəliyə aparan vacib və etibarlı tərəfdaşdır".

 

Əməkdaşlığın konkret istiqmətlərinə gəldikdə isə yunanstanlı diplomat deyib ki, ikitərəfli iqtisadi münasibətlərdə enerji sektoru vacib rol oynayır və rəsmi Afina bu əlaqələrin dərinləşdirilməsinin tərəfdarıdır: "İkitərəfli ticarət dövriyyəsinin həcminin artırılmasında xeyli imkanımız var. Digər sahələrdə, xüsusilə Yunanıstanın neft emalı və bərpa olunan enerji mənbələri sahəsində təcrübəsi mövcuddur. Bu əsnada biz nəinki Azərbaycandan ixrac ediləcək təbii neft və qaz sahəsində eləcə də bərpa olunan enerji mənbələri və yaşıl inkişaf sahəsində də əməkdaşlıq edə bilərik. Əməkdaşlığı inkişaf etdirmək üçün digər sahələr müvafiq olaraq səhiyyə, kənd təsərrüfatı və yüngül sənayedir. Belə bir əməkdaşlığın formatı texnologiyaların verilməsi ilə mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə