"Ermənistan münaqişənin həlli prosesini ləngidir" AÇIQLAMA-ÖZƏL

"Ermənistan münaqişənin həlli prosesini ləngidir" AÇIQLAMA-ÖZƏL

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla əlaqədar görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistanın siyasi rəhbərliyi tərəfindən təzadlı fikirlər də davam etməkdədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, hətta Ermənistan rəhbərliyi bütün narazılıqlara baxmayaraq, danışıqlar prosesinə qondarma rejimin qatılması fikrindən də yayınmaqdan əl çəkmir: “Bütün bunlar onu göstərir ki, Ermənistan münaqişənin həlli istiqamətində konkret addımlar atmaq niyyətində deyil. Doğrudur danışıqlarla bağlı aparılan görüşlərdə müsbət məqamlar var. Amma bu məqamlar prosesi olduğu vəziyyətdən çıxarmağa imkan vermir”.

Politoloq söyləyib ki, Ermənistanın problemin həlli istiqamətində vaxt uzatması göz qarşısındadır: “Danışıqlar prosesində hansısa mövzular müəyyən edilir və bus istiqamətdə hansısa fikir razılığına gəlinsə də, Azərbaycan tərəfinə problemin həlli istiqamətində konkret nəticələr lazımdır. Razılıqlar cəbhə xəttində, real vəziyyətdə öz əksini tapmalıdır. Amma bu, yoxdur”.

İ. Vəlizadə qeyd edib ki, nəticələr danışıqlarla bağlı aparılan müzakirələrin səmərəsiz olduğunu göstərir: “XİN başçısı Elmar Məmmədyarov da son açıqlamasında bildirdi ki, Azərbaycan hələ də substansiv danışıqların aparılmasını gözləyir. Bu da o deməkdir ki, Ermənistan danışıqların substansivləşməsinə meyl göstərmir. Bu da əlbəttə ki Azərbaycan üçün vaxt itkisidir”.

Politoloq vurğulayıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər hərb yolunu qaçılmaz edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə