Prezident Hüsnü Mübarək əleyhinə böyük yürüşün keçirilməsi üçün Qahirədə iki milyon insan toplanıb. SİA-nın məlumatına görə, çox sayda nümayişçi gecəni aksiyaların mərkəzi olan Təhrir meydanında keçirib. Sabah saatlarından etibarən on minlərlə insan böyük yürüş üçün meydana gəlib. "Rədd ol, Mübarək" şüarını səsləndirən nümayişçilər prezidenti asılmış şəkildə göstərən və ya şəkli üzərinə "qafan düşəcək" yazılmış plakatlarla mitinqə çıxıblar.
Şəhərin üzərində vertolyotların uçduğu bildirilir. Misir ordusu Qahirənin mərkəzinə girişləri nəzarət altına alıb. Ordu iki milyona yaxın insanın iştirakı gözlənilən mitinqə müdaxilə etməyəcəyini açıqlayıb.
"Əl Ərəbiyə" televiziyası paytaxt Qahirəni İskəndəriyyə, Bəni Suef, İsmailiyyə və Feyyum şəhərlərinə bağlayan quru yolları ilə şosselərin bağlandığını xəbər verib. Xəbərdə bu yolların ordunun nəzarətində olduğu, təcili vəziyyətlər xaric, nəqliyyatın hərəkətinə icazə verilmədiyini bildirib.
Misirn 50-yə yaxın qeyri-hökumət təşkilatı xalq üsyanının səkkizinci günündə Hüsnü Mübarəkə müraciət edərək, daha çox qan axmaması üçün prezidenti istefaya çağırıb. Müraciət müəllifləri arasında Misirin ən nüfuzlu insan haqları təşkilatlarının rəhbərləri də var.
Beynəlxalq Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Məhəmməd Əl Baradey bildirib ki, Mübarək ölkəni tərk etməlidir. Müsəlman Qardaşlar Hərəkatı isə Mübarək və onun hökuməti ilə heç bir müzakirə aparılmayacağını bəyan edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB