ADP Misir hadisələri ilə bağlı bəyanat verib

ADP Misir hadisələri ilə bağlı bəyanat verib

Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti Misir Ərəb Respublikasında baş verən kütləvi xalq etirazları ilə əlaqədar bəyanat qəbul edib. SİA-ya partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda Misirdəki kütləvi etirazların bu ölkədə uzun müddət davam edən xalq əleyhinə rejimdən, bu rejimin xalqa tətbiq etdiyi soyğunçuluq siyasətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. ADP bu ölkədə baş verənlərin qanlı məcrada davam etməsinə və çox saylı dinc insanların güllələnməsinə, o cümlədən bir azərbaycanlı gəncin həlak olmasına görə dərin təəssüfünü bildirir və hesab edir ki, ölkə prezidenti Hüsnü Mübarək beynəlxalq məhkəməyə verilməli və beynəlxalq birlik Misirdə baş verənlərə cavab olaraq təcili addımlar atmalıdır.

ADP hesab edir ki, bu günlərdə Misirdə, ondan əvvəl isə Tunisdə baş verənlər öz xalqı ilə hesablaşmayan, vətəndaşlarına qarşı düşmən kimi rəftar edən bütün diktatura və avtoritar rejimlərə nümunə olmalıdır və eyni zamanda diktatorların əsarətində olan xalqlar da başa düşməlidirlər ki, hadisələrin bu cür qanlı sonluğa gəlib çatmaması üçün demokratiya və azadlıqlar uğrunda daim mübarizə aparmalıdırlar. Partiya Avropa İttifaqının, ABŞ-ın və digər qərb dövlətlərinin Misirdə baş verən hadisələrdə radikal islamçı qüvvələri bəhanə gətirərək diktatoru müdafiə etməsini dünyanın demokratik ictimaiyyəti üçün anlaşılmaz olduğunu və onların bu hadisələrdə tutduqları mövqenin tamamilə səhv olduğunu bildirir.

ADP hazırkı hadisələrin fonunda Bakıda Misir diktatoru H.Mübarəkin heykəlinin mövcud olmasının bizim ölkəyə baş ucalığı gətirmədiyini və ən qısa zamanda bu abidənin götürülməsinin vacibliyini diqqətə çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə