"Azərbaycana qarşı yenə də çirkin kampaniya başlayıb " AÇIQLAMA-ÖZƏL

"Azərbaycana qarşı yenə də çirkin kampaniya başlayıb " AÇIQLAMA-ÖZƏL

"Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövləti dünya üçün əhəmiyyətli olan meqa layihələr həyata keçirmək, təşəbbüslər irəli sürməklə yanaşı, bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünyada nüfuzunu yüksəldir. Lakin çox təəssüf ki, ölkəmizin uğurlarına kölgə salmağa çalışan ənənəvi anti-Azərbaycan qüvvələri növbəti öz çirkin kampaniyalarına başlayaraq, ölkəmizlə bağlı əsassız fikirlər irəli sürməkdədirlər". Bu fikirləri SİA-ya açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Azərbaycanı sevməyən qüvvələr artıq illərdir ki ölkəmiz üçün ən vacib məqamlarda haqsız ədalətsiz mövqe sərgiləməkdən çəkinmirlər. Onun sözlərinə görə, bəzi qüvvələr hətta Azərbaycanda ən mühüm proseslərdən biri olan seçki zamanı belə öz daxillərindəki qərəzlərini ortaya qoyublar: "Azərbaycanı sevməyən qüvvələr bu dəfə də mayın 29-da Bakıda UEFA çempionatının finalının keçirilməsi ətrafında çirkin kampaniya aparmağa çalışır, idmana aidiyyatı olmayan subyektiv, reallıqdan uzaq olan fikirlər irəli sürürlər. Azərbaycan xalqı bu cür hallara öyrəşib və bilir ki, həmin qüvvələrinin məqsədi ölkəmizi gözdən salmaqdır. 2012-ci ildə Avroviziya, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları zamanı da Azərbaycan əsasız şəkildə ittihamlarla qarşılaşıb. Lakin Azərbaycan bütün məsələləri yüksək səviyyədə təşkil etməyə hazır olduğunu dəfələrlə əməli ilə sübut edib".

Siyasi ekspert qeyd edib ki, Azərbaycanın indiyədək keçirdiyi mühüm beynəlxalq tədbirlərin heç birində problem baş verməyib və ölkəmiz sabitlik, cinayətkarlığın səviyyəsinə görə dünyada əlverişli ölkələr sırasında durur: "Bu baxımdan İngiltərənin "Arsenal" klubunun oyunçusu, erməni əsilli idmançının təhlükəsizliyi ilə bağlı səslənən fikirlərin əsası yoxdur. Çünki indiyədək ölkəmizdə keçirilən bir sıra beynəlxalq yarışlarda erməni əsilli idmançılar iştirak edib və heç bir problem, insident baş verməyib".

Sözügedən mötəbər yarışın finalının Azərbaycanda keçirilməsinin ilk növbədə azarkeşlər tərəfindən səbirsizliklə gözlənildiyini deyən B.Quliyev vurğulayıb ki, bununla yanaşı dünyanın diqqətinin Azərbaycana yönəldilməsi hər birimiz üçün qürurvericidir: "Bu yarış özü ilə təkcə maddi deyil, mənəvi dividentlər də gətirəcək. Çünki futbol idman yarışı olmaqla bərabər, həm də siyasətdir. İdman yarışları ölkəmizin dünyada tanınmasında mühüm rola malikdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə