“Bugünkü uğurlar Heydər Əliyev strategiyasının təntənəsidir" AÇIQLAMA-ÖZƏL
“Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Tanrı bizə tarixin ən çətin və keşməkeşli dövrlərində dərin zəkası və uzaqgörənliyi ilə milli dövlətçiliyi, azərbaycançılıq ideyalarını hər şeydən üstün tutan, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edən dahi şəxsiyyət - Heydər Əliyevi bəxş edib. Ulu öndər Azərbaycanın taleyində günəş kimi parladı, ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoydu. Dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qorudu, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
O bildirib ki, tanrının xalqımıza bəxş etdiyi bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi olub: “Onun dünyaya gəlişi təkcə Əliyevlər ailəsinin sevinc gətirmişdirsə, zehni, ağlı, səmərəli fəaliyyəti isə Azərbaycan xalqının kəşməkəşli yoluna parlaq mayak nur saçmışdı. Ulu öndər dünyaya gəlişi ilə Tanrının Ona verdiyi xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı”.
Deputat söyləyib ki, məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün olub: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi. Ulu öndər xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirib”.
P. Kərimzadə qeyd edib ki, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu öndərin adı ilə bağlı olmasın: “Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.
Milli liderlik və siyasi liderlik keyfiyyətləri dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümummilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də Milli Lideri. Zaman-zaman yeniləşən nəsillər Ümummilli liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB