"Dünyada güclü lider qıtlığı yaranıb" ŞƏRH-ÖZƏL

"Dünyada güclü lider qıtlığı yaranıb" ŞƏRH-ÖZƏL

“Çox təəssüf ki, son vaxtlar beynəlxalq münasibətlər sistemində, idarə olunan və xaos yaratmaq istəyən qüvvələr fəallaşıblar. Əgər fikir versək, son dövrlərdə dünyanın aparıcı dövlətlərində böyük siyasətə, vərəsəliyə zəif, siyasi liderlik keyfiyyətindən uzaq olan fiqurlar gətirilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O bildirib ki, sanki dünyada böyük siyasətin simasızlaşdırılması gedir: “Yəni güclü liderlərin qıtlığı yaranır. Misal üçün əgər biz ABŞ-ı götürsək vaxtilə Vaşinqton, Linkoln kimi rəhbərləri olan dövlətin indiki rəhbərlərinə baxsaq bunu görmək mümkündür. Bundan başqa Fransa, Böyük Britaniyanı misal çəkmək olar. Makronun özü dünyada nə dərəcədə güclü lider kimi qəbul oluna bilər?”.

Dünyanın kölgə kabinetinin bütün ölkələrdə hakimiyyəti dəyişikliyi ilə bağlı planı haqqında fikirləriniz bildirən S. İsgəndərov söyləyib ki, bu istiqamətdə həyata keçirilən siyasət beynəlxalq münasibətlər sisteminə xaos gətirib: “Düşünürəm ki, əslində həmin qüvvələrin fikri dünyada idarəolunan xaos yaratmaqdır. Şahidi olduğumuz “ərəb baharı”nı deyə bilərik. Düzdür hazırda orada göstərilən dirənişdən sonra vəziyyət səngisə də, Suriya ilə bağlı məsələ həll olunmamış qalıb. İraq və Liviyadan isə danışmağa dəyməz. Əslində hansısa dövlətdə seçilən prezident və ya baş naziri zorla, kənardan müdaxilə və ya daxildə iğtişaşlar, etirazları qızışdırmaqla rəhbərlərin hakimiyyətdən getməsinə hətta azım gəldiyi təqdirdə fiziki baxımdan məhv olunmasına yönəlik siyasət konkret beynəlxalq münasibətlər sistemində elə bir xaos yaradır ki, bu gələcəkdə hamının hamıya qarşı müharibəsinə çevrilməsinə səbəb ola bilər”.

Politoloqun sözlərinə görə, maraqlı məqamlardan biri odur ki, bunu edən güclər digər tərəfdən də nüvə silahının yayılmasının əleyhinə çıxır, bunun qarşısını almağa çalışırlar: “Nəyə görə, bir çox ölkələrdə nüvə silahına meyllənmə var? Çünki onlar artıq görürlər ki, dünyada az-çox təhlükəsizliyə təminat verən məhz nüvə silahına malik olmaqdır. Lakin hansısa beynəlxalq güc, dövlət və ya təşkilatın digərinin suveren hüququnun pozması, hakimiyyətdə kimin olub-olmayacağını müəyyənləşdirməklə bağlı anlam yoxdur. Bu, əslində ölkələrin suverenlik hüququnun pozulmasıdır. Çox təəssüf ki, bu gün bəzi təşkilatların subyektiv addımlar atdığını görürük. Amma əslində onların heç birinin buna hüquqları yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə