Yaxın qohumları Əli Kərimlini rüsvay etdilər

Yaxın qohumları Əli Kərimlini rüsvay etdilər

Kərimovlar nəslinin nümayəndələrinin keçirdiyi mətbuat konfransında AXCP sədrinin şəxsi həyatı və fəaliyyəti ilə bağlı maraqdoğurucu faktlar açıqlandı

AXCP sədri Əli Kərimlinin əmisi oğlanları, kərimovlar nəslinin ağsaqqalları və qohumları mətbuat konfransı keçiriblər. "Səs" qəzeti mətbuat konfransında çıxış edən kərimovlar nümayəndələrinin fikirlərini müəyyən ixtisarlarla oxucuların diqqətinə çatdırır.

Kərimovlar nəslinin ağsaqqalı, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimov mətbuat konfransı keçirməsinin səbəb və məqsədi ilə bağlı danışarkən deyib:

- Mətbuat konfransını keçirməkdə məqsədimiz budur ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətə, əhalinin rifahının yüksəlməsinə, ümumiyyətlə, Azərbaycanın malik olduğu uğurlara qarşı bir qrup insan mənfi münasibət bildirir, qərəzli mövqedən çıxış edirlər. Bunun da başında duran AXCP sədri Əli Kərimlidir ki, onun antimilli siyasi fəaliyyəti yaxın qohumları tərəfindən qəzəblə qarşılanır və biz bu konfransı keçirməklə, münasibətimizi bildirmək niyyətindəyik. Onun bu hərəkətləri heysiyyatımıza toxunur. Qəzəbimizə səbəb ölkəmizdə hökm sürən əmin-amanlığa, ictimai-siyasi sabitliyə xələl gətirmək niyyətində olan insanların xəbis xisləti, anti-Azərbaycan mövqeyidir. Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar xalqımızı xoşbəxtliyə aparır, ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir.

Respublikamızda əldə olunan ictimai-siyasi sabitliyi, təhlükəsizliyi qorumaq təkcə hökumətin deyil, hər bir azərbaycanlının borcudur. Bu uğurlarımızı gözü götürməyən qüvvələrin haqsız mövqeyi bizi narahat etdiyinə görə, qohumlarımla, nəslin ağsaqqalı olaraq, bir yerə yığışıb etirazımızı bildirmək üçün qərar verdik. Dövlətimizin və xalqımızın inkişafı üçün bir olmaq lazımdır. Əli Kərimli hazırda respublikamızda sabitliyi pozmaq, anarxiya yaratmaq üçün öz şəxsi məqsədlərinə görə fəaliyyət göstərir. Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindəndir. Azərbaycanda olan mövcud durumu, aparılan dövlət siyasətini və inkişafı görmək lazımdır. Əgər bunu görə bilmirsənsə, demək, korsan. Ə.Kərimlinin apardığı antimilli siyasət Azərbaycan xalqına qarşı düşmənçilik siyasətidir. Ə.Kərimli erməni və ermənipərəst qüvvələrin diktəsi ilə ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışır. O və onun havadarları Azərbaycan xalqının xoşbəxtliyinə təhlükə yarada biləcək məkrli siyasət həyata keçirirlər. Əlbəttə ki, bu münasibət bizim - qohumların qəzəbinə səbəb olur. Onun bu hərəkətləri yolverilməzdir. Bu gün mətbuat konfransında iştirak edən Ə.Kərimlini əmisi oğlanları və yaxın qohumlarının hər biri kəndimizin 20-30 nəfər insanını təmsil edir. Onlar da bizimlə birgə öz münasibətlərini və fikirlərini ifadə edəcəklər. Saatlı rayonunun Azadkənd kəndindən gəliblər. Əli Kərimli də həmin kənddəndir. Kərimovlar nəslinin ağsaqqalı kimi mən onun hərəkətlərini bizim nəslin ünvanına ləkə kimi qəbul edirəm. Onun qohumları və əmisi uşaqları Azərbaycanda həyata keçirilən dövlət siyasətini dəstəkləyir. Ölkəmizin inkişafı, aparılan tikinti-abadlıq və yenidənqurma işləri göz qabağındadır. Azərbaycan bu gün müstəqil dövlət kimi həm ictimai-siyasi sabitliyin davamlı olmasına, həm iqtisadi inkişafına, həm də insanların həyat səviyyəsinin yüksək olmasına görə bir çox dövlətlər üçün nümunədir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib.

Uğur Kərimov, AXCP sədri Əli Kərimlinin əmisi nəvəsi:

- AXCP sədri Əli Kərimlinin gəncləri dağıdıcı mitinqlərə, dövlətə qarşı xəyanətkar əməllərə çağırması, xarici himayədarlarının sifarişlərini yerinə yetirərək ölkədə çaşqınlıq yaratmaq cəhdi bizdə - onun yaxın qohumlarında da ikrah hissi oyatmışdır. Biz onun əməllərinə etiraz edirik. Azərbaycanın uğurlarına, Cənab Prezidentin müdrik siyasəti nəticəsində reallaşan inkişafa kölkə salmağa cəhd etsələr də, buna nail ola bilməzlər. Biz gənclər olaraq Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi xətti dəstəkləyir və ətrafında sıx birləşmişik.

AĞAVERDİ ŞƏMMƏDOV, AXCP sədri Əli Kərimlinin əmisi nəvəsi:

- Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi olur, bu iqtisadi inkişafın nəticələrini hər bir vətəndaş özünün həyat səviyyəsinin yüksəlməsində hiss edir. Dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar və layihələr Azərbaycan əhalisi tərəfindən yüksək qarşılanır. İctimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkəmizdə bütün sahələrdə əldə edilən müsbət nəticələr insanların firavan həyatını təmin edib. Həqiqətən də, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar vətəndaşına olan diqqət və qayğının göstəricisidir. Görülən bu və ya digər işlərin davamı olaraq, bu günlərdə dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial rifahının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda təbii qazın istifadə limiti də artırılıb. Belə ki, əhalinin aztəminatlı hissəsinin maddi vəziyyətinin yaxşılaşdırılması baxımından mavi qazın illik satış tarifi 1700 kub metrdən 2200 kub metrədək yüksəldilib.

Bildiyiniz kimi, bu gün dünyada olduqca gərgin siyasi proseslər gedir. Yaxın Şərqdə baş verənlər hər kəsin gözü qarşısındadır. Dünyanın əksər ölkələrində aclığın və səfalətin baş alıb getdiyi, ictimai sabitliyn pozulduğu bir zamanda Azərbaycanda hər şey təqdirəlayiqdir. Heç kəsin bu inkişafımıza ləkə salmağa, sabitliyi pozmağa haqqı yoxdur. Biz bu sabitliyi qoruyub-saxlamalıyıq. Amma Əli Kərimli və onun havadarları, antimilli qüvvələr bu sabitliyi pozmağa çalışırlar. Onlar ölkəmizin uğurları ilə barışmaq istəmirlər. Amma unutmasınlar ki, Azərbaycanda xalqla iqtidar arasında güclü, sarsılmaz birlik var və bunu kimsə sarsıda bilməz.

Sadiq Kərimov, AXCP sədri Əli Kərimlinin əmisi oğlu:

- Əli Kərimlinin apardığı antimilli siyasəti Azərbaycan xalqına qarşı düşmənçilik siyasətidir. Əli Kərimli və havadarları yaxşı bilirlər ki, fəaliyyətləri ilə xalqdan heç bir dəstək ala bilməyəcəklər. Bu gün ölkəmizin sürətli inkişafını, ictimai-siyasi sabitliyi gözü götürməyən qüvvələr pozmağa çalışsalar da, buna müvəffəq ola bilməyəcəklər. Bu gün ölkəmizdə çox ciddi islahatlar aparılır. Prezident İlham Əliyev ölkədə sosial rifah və sabitliyin təminatını daim diqqətdə saxlayır. Ölkəmizin hər yerində geniş layihələr reallaşır. Ən ucqar kəndlərimizdə belə insanlar qaz və işıqla təmin olunublar, yeni yollar salınıb. İnsanların rifahı gündən-günə yüksəlir. Mən, həqiqətən də, Əli Kərimlinin törətdiyi bu əməllərə görə narahatam. Dövlətimizdəki bu qədər nailiyyətlərə, qazandığımız uğurlara, qələbələrə göz yummaq olmaz. Hər bir azərbaycanlını bu inkişaf qürurlandırır.

Rafail Kərimov, AXCP sədri Əli Kərimlinin əmisi oğlu:

- Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi, qeyd olunduğu kimi, qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin mavi yanacaq təchizatına nail olunub. Prezidentin qətiyyətli siyasi iradəsi ilə Azərbaycanın zəngin qaz potensialından ölkə əhalisi bəhrələnir. İnsanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış islahatlar sosial sahədə inqilabi dəyişikliklərə gətirib çıxarır. Görülən işlərə ləkə salmaq, dövlət əleyhinə öz şəxsi mənafeyi üçün kampaniya aparmaq ermənipərəstlikdir. Azərbaycan xalqı Ə.Kərimlinin bu Vətən üçün nə qədər yararsız olduğunu görür və bilir. Ona görə də, onun çağırışına və müraciətinə əhəmiyyət verən yoxdur. Bu insan, öz şəxsi mənafeyi üçün nələr etmir? Yalnız məqsədlərini həyata keçirmək üçün çalışır və qarayaxma kampaniyası aparır. Bu antimilli ünsür qrant şəklində aldığı çirkli pullar hesabına şəxsi maraqlarını reallaşdırır. Yüksək məbləğdə qrantları mənimsəmək üçün isə bacardığı qədər ermənipərəst qüvvələrə xidmət edir.

Taleh Şəmmədov, AXCP sədri Əli Kərimlinin əmisi nəvəsi:

- Əli Kərimli gəncləri, vətəndaşları dağıdıcı mitinqlərə, dövlətə qarşı etiraz aksiyası keçirməyə çağırsa da, insanlar bu aksiyaların keçirilməsinə əsas olmadığını yaxşı bilirlər. Azərbaycanda hər kəs rahat bir şəraitdə yaşayır və öz işi ilə məşğuldur. Odur ki, heç kəs Əli Kərimlinin çağırışına əhəmiyyət vermir. Onun sözlərinə inanan belə yoxdur. Ağıllı və düşüncəli insanlar Azərbaycan reallıqlarını dərk edirlər. Xalq tərəfindən onun keçmiş fəaliyyəti və bugünkü təxribatçı əməlləri pislənilir. Xalq tərəfindən dəstəyini tapa bilmədiyi üçün o, cürbəcür təxribat xarakterli hərəkətlərə əl atır. Bugünkü gündə xalqımız və dövlətimiz üçün sabitlik mühiti vacib məsələdir. Belə bir məqamda Ə.Kərimlinin tez-tez mitinq çağırışı etməsi, cürbəcür təxribatlara əl atması ictimaiyyət arasında qəzəblə qarşılanır.

Elxan Zahidov, AXCP sədri Əli Kərimlinin əmisi nəvəsi:

- Son illərdə Azərbaycan dünyada sürətlə inkişaf edən dövlətə çevrilib. Ölkəmizin dinamik inkişafı təmin edilib. Azərbaycanın belə uğurlara nail olduğunu görən xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bütün dünya Azərbaycandakı inkişafdan danışdığı halda, Əli Kərimli bunları görmək istəmir. Mən bunu paxıllıqdan başqa bir şey adlandırmazdım. Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşdığına görə, o, bu gün cəmiyyət tərəfindən qəbul edilmir.

NUHƏLİ KƏRİMOV, AXCP sədri Əli Kərimlinin əmisi oğlu:

- Əli Kərimli siyasətdən uzaq olan adamdır. Onun apardığı siyasətdə bir dağıdıcılıq var, cinayət var. Mən ona demişəm ki, gəl gedək kəndimizə, bacardığın bir iş ilə məşğul ol. Hesab edirik ki, belə mənasız hərəkətlər etməkdənsə, kəndə gəlib səmərəli işlə məşğul olsun, bacardığı bir işin qulpundan yapışsın. Kərimovlar nəslinin ağsaqqalı olaraq, əminliklə deyirəm ki, vaxt gələcək, Azərbaycan xalqı onu cəzalandıracaq. Əli Kərimlinin siyasi arenadan getməyi məsləhətdir. Bu gün bura gələn yaxın qohumları kəndimizdəki insanlarla görüşüb, onların fikirlərini də burada çatdırırlar. AXCP sədrinin antimilli fəaliyyətini heç kəs dəstəkləmir.

Dilqəm Səmədov, AXCP sədrinin qohumu:

- Yaşadığımız kəndin böyük hissəsi bir-biri ilə qohumdur. Doğrusu, belə bir əmin-amanlıq və bolluq dövründə Əli Kərimlinin insanları dövlətə qarşı etiraz aksiyalarına çağırması məni təəccübləndirir. Onu xalq yaxşı tanıyır, hansı əməllərlə məşğul olduğunu da bilirlər. Başı Azərbaycanın düşmənlərinin çirkli pullarına qarışıb. Azərbaycanın uğurlarına, Cənab Prezidentin müdrik siyasəti nəticəsində reallaşan inkişafa kölkə salmağa cəhd etsə də, buna nail ola bilməz.

Azərbaycan dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan Cənab İlham Əliyevi bütün xalqımız dəstəkləyir.

Cabir Həsənov, Əli Kərimlinin əmisi nəvəsi:

- Bu antimilli ünsür qrant şəklində aldığı çirkli pullar hesabına şəxsi maraqlarını təmin edir. Yüksək məbləğdə qrantları mənimsəmək üçün isə bacardığı qədər ermənipərəst qüvvələrlə əlaqə yaradır. Əli Kərimli Azərbaycana düşmən olan qüvvələrin əlində alətə çevrilib. Ölkədə iğtişaşlar törətmək, etiraz aksiyaları təşkil etmək, icazəsiz mitinqlər keçirməyə çalışır. Azərbaycan xalqı antimilli qüvvələri yaxşı tanıyır. O, hərəkətləri ilə özünü gözdən salıb.

Ölkə başçısı İlham Əliyev respublikamızda uğurlu daxili və xarici siyasət həyata keçirir, xalqın istəyinə uyğun fərman və sərəncamlar imzalayır. Cənab Prezident ölkəmizin ən ucqar yerlərinə gedir, insanlarla görüşür və onların problemləri ilə maraqlanır.

İbrahim Haçalıyev, Əli Kərimlinin qohumu:

- Biz Əli Kərimli və onun ətrafında olanların xalqa düşmən kəsildiklərini bilir və pozucu fəaliyyətlərini görürük. Ona görə də, qətiyyətlə onların əməllərini pisləyirik. Söz yox ki, Əli Kərimli öz ağlı və düşüncəsi ilə hərəkət etmir. Onu çörəyini yeyib, suyunu içib, boya-başa çatdığı dövlətə və xalqa düşmən kəsilməyə məcbur edən xarici anti-Azərbaycan qüvvələr var. Hansı ki, bu qüvvələr Əli Kərimli kimilərə maddi və mənəvi dəstək göstərirlər. Ancaq Əli Kərimli və ona dəstək olan qüvvələr öz məkrli əməllərinə nail ola bilməyəcəklər. Çünki ölkəmizdə möhkəm əsaslara malik xalq-hakimiyyət birliyi, başlıcası, Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inamı və sədaqəti mövcuddur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə