"Mən V Bakı Ümumdünya Forumunun əsas ibrət dərsini məhz bunda görürəm"
Bakıda ənənəvi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası əməkdaşlığın dəstəklənməsi üzrə əsas qlobal platforma kimi xarakterizə edilir. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-ın müxbirinə müsahibəsində qeyd edib ki, Forumun işində 105 ölkə və 35-dən çox beynəlxalq təşkilatın iştirakı onun artan nüfuzundan və səmərəliliyindən xəbər verir.
-Keçirilən Forum Azərbaycan Prezidenti İlham Əliyevin əsasını qoyduğu “Bakı Prosesi” təşəbbüsünün tərkib hissəsidir. Siz hazırda bu prosesin inkişafını necə qiymətləndirirsiniz?
-Bəşəriyyətin taleyi sivilizasiyalararası müstəvidə beynəlxalq əməkdaşlıqla ayrılmaz surətdə bağlıdır. Bu aksiomu təkrarən sübut etməyə ehtiyac yoxdur.
Dünya tarixində bir çox faciəli hadisələrin təkrar olunmaması və müharibələrin qarşısının alınması üçün mədəniyyət dialoqunu fəal şəkildə inkişaf etdirmək zəruridir. Qeyd etmək lazımdır ki, Bakı əməkdaşlıq formatı vaxtında yaranıb və dünyanın intellektual elitasında maraq doğurub. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2008-ci ildə keçirilmiş konfransının yekunlarına görə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran Bakı Bəyannaməsi qəbul edilib və bu kiçik təşəbbüs illər sonra qlobal formata keçib. “Bakı Prosesi” iştirakçılarının siyahısına tanınmış siyasətçilər və alimlər, Nobel Sülh mükafatı laureatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri əlavə olunur. Onların hamısı aktual problemlərin müzakirəsində intellektin maksimum cəmləşdirilməsində maraqlıdırlar. Çeşidli etnik, mədəni, dini və linqvistik qruplara mənsub olan, ayrı-ayrı qitələrdə yaşayan müxtəlif insanlar arasında fikir mübadiləsinin aparıldığı platforma öz sıralarına mədəniyyətlərarası dialoqun daha çox tərəfdarlarını cəlb edir.
-Siz məhz Azərbaycanın həmin vaxt “Bakı Prosesi”nin təşəbbüskarı olduğunu təsadüfi hesab edirsiniz?
-Şübhəsiz ki, xeyr. Bu cür uğurlu təşəbbüs ancaq çoxəsrlik tolerantlıq ənənələri olan ölkədə yarana bilərdi. Azərbaycanda mədəniyyətlərarası mühitin bariz nümunəsi ondan ibarətdir ki, bu gün ölkə ərazisində 80-dən çox etnoslar yaşayırlar. Onlar mehriban qonşuluq atmosferi sayəsində öz ənənələrini, adətlərini, mədəniyyəti və dilini qoruyub saxlayıblar. Bu, insanlara yuxarıdan təlqin edilmir, onların digər mədəniyyətlərin daşıyıcıları ilə münaqişəsiz yaşamaq üzrə təbii arzusudur. Azərbaycan planetin geosiyasi mübarizənin getdiyi, ksenofobiya əhval-ruhiyyəsinin artmasının müşahidə olunduğu, dini zəmində münaqişələrin baş verdiyi “qaynar nöqtələri” ilə kəskin təzad təşkil edir. Başa düşmək lazımdır ki, dinlər arasında təfriqəni dindarlar deyil, onların etiqadı və hissələrini manipulyasiya edənlər yayırlar. Bu gün - dünyada nifrət atmosferinin səviyyəsinin artdığı bir zamanda mədəniyyətlərarası dialoqun dəqiq strategiyasını hazırlamağa kəskin ehtiyac duyulur. Dialoq ölkələrin qarşılıqlı fəaliyyətinin mühüm komponentidir və eyni zamanda, zorakılıq və ekstremizlə mübarizə aparmağa imkan verir. Mən Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondonun fikirləri ilə tamamilə razıyam. O bəyan edib ki, Forum günlərində Bakı sanki bütün planetin paytaxtına çevrilərək xoşməramlı insanlara birlik, sülh və dialoq üçün həyəcan siqnalı göndərib.
-Forumda dünyadakı qeyri-bərabərlik probleminə böyük diqqət yetirilib. Siz onun da mədəniyyətlərarası dialoqun köməyi ilə həll olunacağını hesab edirsinizmi?
- Yoxsulluğun da daxil olduğu sosial problemlər həll olunmadan dövlətlərin dayanıqlı inkişafını təmin etmək mümkün deyil. Bütün ölkələrin məcmu hərbi büdcəsi 1,8 trilyon dollardır. Halbuki sosial problemlərin həllinə ayrılan vəsaitlər bundan qat-qat azdır. Bu gün dünyada yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 3 milyarda yaxın insan var. Əgər biz silahlanmanı dayandıra bilsək, bu resursları iqtisadiyyatların inkişafına yönəltsək, o zaman qısa müddətdə yoxsulluq problemini həll etmək olar. Burada yenə Azərbaycanı nümunə göstərmək istərdim. Bu ölkədə 2000-ci illərin əvvəlində yoxsulluğun səviyyəsi 50 faiz olub, indi isə bu göstərici 5 faizədək enib. Dörd il əvvəl respublika yoxsulluqla və işsizliklə mübarizədə qazandığı nailiyyətlərə görə “Cənub-Cənub” mükafatına layiq görülüb. İndi isə, Azərbaycan 2030-cu ilədək dayanıqlı inkişaf Hədəfləri üzrə öhdəlik götürən 193 üzv dövlət arasında yer alır. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan müharibələrin başlanmasında və ya dinlərarası münaqişələrin yaranmasında iştirak etmir. Əksinə, respublikanın bütün dövlət siyasəti dünya ölkələri ilə əməkdaşlığın və tərəfdaşlığın genişlənməsinə yönəldilib. Azərbaycanın neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyinə xidmət edir, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat dəhlizləri isə ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verir. Ona görə də bir daha vurğulamaq istəyirəm: biz bir-birimizə hörmətlə yanaşaraq və pozitiv dialoq qurmaqla birlikdə yaşamağı öyrənməliyik. Mən V Bakı Ümumdünya Forumunun əsas ibrət dərsini məhz bunda görürəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB