Məhəbbət İbrahimova: "Ümummilli Liderimiz cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamışdır"
Müsahibimiz YAP Nərimanov rayon təşkilatının qadınlar şurasının sədri Məhəbbət İbrahimovadır
- Məhəbbət xanım, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsindəyik. Ulu Öndərimizin Azərbaycan tarixində rolu və yeri barədə nə deyə bilərsiniz?
- Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu kifayət qədər böyük və əhatəlidir. Dahi Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyəti Azərbaycanın dünəni, bugünü və gələcəyinə hesablanmış fəaliyyətdir. O mənada ki, Azərbaycan xalqının hansı tarixi mərhələlərdən keçib gəldiyini, dövlət qurmaq istiqamətində apardığı mübarizənin də hansı çətinliklərlə üzləşdiyini insanlara nümayiş etdirdi. Ulu Öndərimiz keçmişə istinad edərək, bugünümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi.

- Bu gün o tarixin o keşməkeşi məqamlarına nəzər yetirdikdə qarşımızda hansı mənzərə canlanır?
- Ulu Öndərimizin bu günə hesablanmış fəaliyyəti hər birimizin gözü qarşısında baş verib. Yaxın tariximizə nəzər salsaq, bu tarixə münasibətin özünü də aydın şəkildə dərk edirik. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ölkə Prezidenti, bu uğurl siyasətin layiqli davamçısı İlham Əliyev cənabları çıxışlarında da vurğulayıb ki, "əldə edilən hər bir uğurumuz Heydər Əliyevin xidmətləridir". Qeyd edim ki, 1969-cu ildə Onun Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaşnda da vurğulayıb ki, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı Onu təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və vətəninə həsr etmiş ümummilli lidermizi Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

- Məhəbbət xanım, gender bərabərliyi, Azərbaycan qadınlarının ölkə həyatında mövqeyi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub yaradırlar. Çünki bu gün onların yaşadığı ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurub yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranıb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtsiadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün 1995-1996-ci illərdə Azərbaycanda qadın hərəkatı getdikcə çox yüksək bir xəttlə formalaşdı. Qadın hərəkatının yüksək formalaşdığı bir dövrdə Ümummilli Liderimiz Heydər Əliyev qadınlara qarşı ayrıseçkiliyin aradan götürülməsi haqqında konvensiyanın Milli Məclis tərəfindən təsdiqlənməsi haqqında fərmanı imzaladı. Bu fərmanın imzalanması artıq Azərbaycan qadınlarına qarşı olan ayrıseçkiliyin dövlət səviyyəsində ölkə rəhbərliyi tərəfindən aradan götürülməsi üçün bir addım idi. Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir.

- Qadınların dövlət idarəetməsində rolunu qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyri-şərtsiz iştirak etmək hüququna malikdirlər. Bu gün ölkəmizdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi Ümummilli Liderimiz Heydər Əliyevin respublika əhalisinin yarıdan çoxunu təşkil edən qadınlara böyük diqqəti idi. Bu Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarı, fahişəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilibdir.

- Bu gün ölkə Prezidenti İlham Əliyev Ulu Öndər siyasətini layiqincə davam etdirir. Sizcə, qadınlarımız dövlətin onlara göstərdiyi etimadı layiqincə doğrulda bilirmi və qadınların Yeni Azərbaycan Partiyasının sıralarında tutduğu yeri və rolu barədə nə deyə bilərsiniz?
- Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtsiadi inkişafın vüsət alması, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Bu gün respublikamızın Prezidenti İlham Əliyev əbədiyaşar Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirir. Onu da qeyd etmək istəyirəm ki, yeraltı sərvətin insan resursuna çevrilməsi ideyası xalqın bütün arzu və istəklərinin fövqündə dayanır. Bu, xüsusilə, qadınların arzusu olaraq reallaşır və təbii ki, hər birimizin sevincinə səbəb olur.
O ki, qaldı, Yeni Azərbaycan Partiyasında qadınlarımız, əlbəttə ki, respublikamızın, ümumiyyətlə, regionun ən nüfuzlu siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar edib. Öz fəaliyyəti dövründə partiyamızın qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşıb, onun cəmiyyətdə layiqli yer tutmasına çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Məhz YAP-ın Qadınlar Şurası 1995-ci ildə yaradıldı. Partiyamızın sıralarında ilk olaraq ziyalı, fəal qadınlar qoşuldular. Daha sonra ildən-ilə Qadınlar Şurasının sıraları xeyli genişlənməkdədir. Bu, onu göstərir ki, qadınlar partiyamızın həyatında fəal rol oynayır.

Bu gün Vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir. Mehriban xanım Əliyevanın Azərbaycanın həyatındakı çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər qadınlara əsl örnəkdir.
Və bu gün onu da vurğulamaq lazımdır ki, Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev son 16 illik prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB