Azərbaycan mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır
Bu gün paytaxtımızda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır
Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına yüksək önəm verdiyini ortaya qoymuş olur. Bu gün isə ölkəmiz daha bir tədbirə ev sahibliyi edəcək. 2 may tarixində paytaxtımızda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.
FORUM BMT TƏRƏFİNDƏN TƏŞKİLATIN RƏSMİ İNTERNET SƏHİFƏSİ ÜZƏRİNDƏN CANLI YAYIMLANACAQ
"Ayrı-seçkilik, qeyri-bərabəlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında keçiriləcək Forumda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Aralıq Dənizi Birliyinin Baş katibi Nasser Kamel, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirça Çiopraqa, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur və başqaları iştirak edəcək. Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESKO-dur. Bundan əlavə, forumda 100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edəcəkdir. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayimlanacaqdır.
Qeyd edək ki, bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və İslam Ölkələri Mədəniyyət Nazirlərinin Konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı Prosesi" ilə qoyulub. 2010-cu ildən, «Bakı Prosesi» qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Ölkə başçısının Fərmanı ilə forumun iki ildən bir keçirilməsi qərara alınıb və Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla, dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.
DÜNYADA AYRI-SEÇKİLİYİN, TƏCRİD OLUNMANIN ARADAN QALDIRILMASI BİRGƏ SƏYLƏRİN ZƏRURİLİYİNİ ORTAYA QOYUR
Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: "Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var".
Müasir dünyada ayrı-seçkiliyin, təcrid olunmanın aradan qaldırılması birgə səylərin zəruriliyini ortaya qoymuş olur. Bu baxımdan, mədəniyyətlərin və dinlərin, müxtəlif baxışların tətbiq edilməsi vacib məsələlərdəndir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan birgəyaşayışa çağırışlar edir, sülhün və həmrəylinin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini vermiş olur. Paytaxt Bakı forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş olacaq. Forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirir və mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır.
Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB