Nikol Paşinyan Robert Koçaryana və Serj Sarkisyana bənzədildi
“Yerevanda Avrasiya hökumətlərarası şuranın iclası zamanı Nikol Paşinyan adətən, Robert Koçaryandan və Serj Sarkisyandan eşidə bilinəcək nitqlərlə çıxış etməyi üstün tutdu”. SİA xəbər verir ki, bu barədə armenianreport saytının siyasi təhlilçisi Romella Mnatsakanyan “Batan gəmi kapitanının difirambaları” başlıqlı məqaləsində yazıb.
“Bizi hansısa paralel reallığa qərq etməyə çalışırlar”, deyə qeyd edən erməni siyasi təhlilçi yazır ki, Yerevanda Avrasiya hökumətlərarası şurasının geniş tərkibli iclası keçirilərkən, Avrasiya İqtisadi İttifaqı daha aydın şəkildə öz dişliklərində çat verirdi. SİTAT: “Mövcud strukturun daxilindəki böhranı gizlətmək artıq mümkün deyil. Moskva və Minsk arasında baş verən son olaylar da buna sübutdur”.
Rusiya-Belarus arasındakı neft böhranı erməniləri qorxuya salıb
Beləliklə, Rusiya ilə Belarus arasında yaranmış iqtisadi qarşıdurmalara toxunan Romella Mnatsakanyan Rusiyanın Belorusla neft qarşıdurmasına da toxunaraq yazıb ki, ruslar beloruslara çirkli, standartlara cavab verməyən neft göndərirlər ki, bu da neftayırma zavodlarında bir sıra problemlər yaradır. “Eyni zamanda, Belarus rus neftinin Polşanın PERN şirkətinin tələbi ilə Avropaya tranzitini dayandırıb”, deyə qeyd edilən məqalədə bildirilir ki, bir gün sonra “Drujba” kəmərinin Ukraynadakı operatoru da neft istehlakçılarının neftin keyfiyyətinin aşağı olması səbəbindən Macarıstana və Slovakiyaya tranzitini saxlayıb.
Erməni müəllif artıq Rusiyanın Belarusdakı səfiri Mixail Babiçin geri çağırılması ilə bağlı informasiya əldə etdiyini də yazıb və qeyd edib ki, onun vəzifəsindən geri çağırılması ilə bağlı artıq bir həftədir ki, müzakirələr gedib.
Bununla Avrasiya İttifaqında yaranmış böhranı əsas gətirən Mnatsakanyan mövzunu Ermənistanın üzərinə gətirərək, ölkəsinin bu qurumdan zərər görə biləcəyinə eyham vurub. Hətta Rusiyanın baş naziri Dmitri Medvedyevin Yerevana səfəri çərçivəsində Avrasiya İqtisadi İttifaqı ölkələrinin münasibətlərinin pozitiv tərəfdən inkişaf etməsi bəyanatına da ironik münasibət bildirən erməni müəllif onu da iddia edir ki, Medvedyev yalan danışır və bu ittifaq siyasi tərəfdən də böhran yaşamaqdadır.
Ermənistan Gömrük İttifaqında, Avrasiya İqtisadi İttifaqında və KTMT-də baş vermiş dərin böhranların nəticələrini öz üzərində hiss edib
Bütün bunlardan sonra, Nikol Paşinyanın çıxışına gələn müəllif erməni baş nazirinin Avrasiya İqtisadi İttifaqının inkişafı ilə bağlı çıxışını sərt şəkildə tənqid atəşinə məruz qoyub. SİTAT: “Mən bilirəm, kim bənzər sözlərlə çıxış edərək, ayıldıcı nitq söyləyəcək. Hə, məhz bunu Nikol Paşinyandan gözləməyə dəyərdi. Axı bizim ölkə Gömrük İttifaqında, Avrasiya İqtisadi İttifaqında və KTMT-də baş vermiş dərin böhranların nəticələrini öz üzərində hiss edib...Məhz Yerevanda Avrasiya hökumətlərarası şuranın iclasında mövcud problemlə bağlı danışmaq, istiqamət göstərmək mümkün və lazım idi. Təəssüf ki, bu olmadı. Əksinə, Nikol Paşinyan həm özü, həm də ölkə üçün belə hesab elədi ki, adətən, daha çox Robert Koçaryan və Serj Sarkisyanın çıxışları kimi nitq söyləsin. Əcəba, hakimiyyət bu qədərmi şirindir ki, insanlar daha öncəki baxışlarını kardinal şəkildə dəyişirlər?! Ümidvaram ki, Paşinyanın bu mövqeyi ona heç bir xalq qazandırmadı, hətta Moskvada da onun bu reveranslarını qiymətləndirməyəcəklər. Orada adət ediblər ki, digər ölkələrin və xalqların hazırkı vaxtlarını və gələcəklərini həll etmək hüququ tarixən Rusiyada olub”.
Beləliklə, fakt budur ki, erməni müəllif Ermənistan xalqının bundan sonrakı illərdə də Rusiyanın buxovunda qalacağına işarə edir və ölkəsinin istər Gömrük Təşkilatında, istər Avrasiya İqtisadi İttifaqında, istərsə də KTMT-də daha ağır zərbələrə məruz qalacağını proqnozlaşdırır. Xüsusilə, Nikol Paşinyanın Robert Koçaryana və Serj Sarkisyana bənzədilməsi özü-özlüyündə bu reallıqları daha açıq şəkildə ortaya qoymaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB