YAP Gənclər Birliyi “Milli Mənəvi Dəyərlər və Gənclik” mövzusunda dəyirmi masa keçirib - FOTOSLAYD
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Milli Mənəvi Dəyərlər və Gənclik" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbir Qəbələdə təşkil olunub. Dəyirmi masada YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və birliyin 100-dən çox üzvləri iştirak ediblər.
Tədbirdə milli mənəvi dəyərlərimiz barədə geniş məlumat verilib və müxtəlif müzakirələr aparılıb. Gənclər Azərbacan mədəniyyətinin qərb mədəniyyətinə inteqrasiyasında xüsusi diqqətli olmağın vacibliyindən danışıblar. Onlar Avropa mədəniyyətindən yalnız xalqımızın dəyərlərinə zidd olmayan halları götürmək lazım olduğunu deyiblər.
Tədbirdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində görülən işlərdən söhbət açılıb, bu istiqamətdə əldə olunan uğurlar vurğulanıb. Gənclər bu sahədə yalnış hallara yol verilməsinin qarşısının alınması istiqamətində təkliflərini veriblər. Onlar Azərbaycanda təhsil barədə də danışıblar.
Azərbaycanın təhsildə dünya arenasında yer tutmasından söz açılıb. Tədbir iştirakçıları erkən nigah məsələlərinə də toxunublar. Onlar milli-mənəvi dəyərlərimizə zidd olan televiziya verilişlərini və bəzi internet portallarını da bu sahədə mənfi hal kimi qiymətləndiriblər.
Sonda YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı çıxış edib. O, ilk öncə YAP Gənclər Birliyinin yeni seçilmiş heyətini təbrik edib. İcra katibinin müavini mövzunun çox geniş olduğunu qeyd edərək bildirib ki, milli mənəvi dəyərlər mədəniyyətin bir hissədir. Millət vəkili vurğulayıb ki, bir millət xalq olaraq əldə etdiyi nə varsa, bunlar onun mənəvi dəyərləridir: "Biz bu istiqamətdə daim işlər görməliyik. Şərqin keçmiş tarixi ilə öyünməyə haqqı var, amma Şərq Qərbdən geri qalır. Bugünkü Türkiyə Osmanlı dövləti deyil".
M.Qurbanlı iqtisadiyyatın, elmin daha çox inkişaf etdiyi yerin üstün olduğunu bildirib. O, milli-mənəvi dəyərlərin adət-ənənələrimizlə tarixdən bizə ötürülən yazılmamış qayda-qanunlar olduğunu dilə gətirib. Millət vəkili mətbuatın azad olduğunu, ancaq televiziyalarda milli-mənəvi dəyərlərimizə yad olan verilişlərin verildiyini, bu verilişlərin reklam hesabına saxlanıldığını vurğulayıb.
İcra katibinin müavini Azərbaycanda evlərdə hansı kanallara, hansı verilişlərə baxıldığını müəyyənləşdirmək üçün qurğuların olduğunu, reklam hesabına bu verilişlərin saxladığını deyib: "Bu verilişlər sevilmirsə, bəyənilmirsə niyə baxılır?! Bu verilişlərə baxılmasa, vətəndaşlar sms göndərməsələr onlar bağlanarlar".
Milli-mənəvi dəyələrin formalaşmasında dinin də rol oynadığını qeyd edən millət vəkili İslam dininin Allahla insanlar arsında vasitəçi olduğunu deyib. M.Qurbanlı Azərbaycanda hicab bağlamağın sərbəst olduğunu, lakin hər yerdə olduğu kimi ölkəmizdə də hər bir orta məktəbin qayda-qanunu olduğunu, dərsə şagirdlərin məktəbli forması ilə gəlməli olduğunu vurğulayıb. O, müəyyən yaş həddindən sonra hicab bağlamağın sərbəst olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB