"Ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qeyd olunan nəticələr göstərir ki, Azərbaycan iqtisadiyyatının bütün sahələri uğurla inkişaf edir, sosial sahələrdə inqilabi islahatlar həyata keçirilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
2019-cu ilin birinci rüb ərzində büdcə daxilolmalarında 200 milyon manatdan çox artımın əldə olunduğunu deyən deputat söyləyib ki, həmin müddətdə ümumi daxili məhsulun həcmi 3 faiz, sənaye istehsalı 4,4 faiz , qeyri-neft sənayesi 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb, inflyasiya aşağı səviyyədə - 2,1 faiz olub: “ Ölkə başçısı ötən gün keçirilən iclasda qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına qoyulan 2,8 milyard dollar sərmayənin 2 milyardı qeyri-neft sektorunun payına düşür”.
R. Əliyev söyləyib ki, 2019-cu ilin ilk rübü həm də Azərbaycan üçün sosial islahatlar baxımından yadda qalan olub: “Belə ki, bu müddət ərzində minimum əmək haqqı və minimum pensiyalar təxminən 40 faiz , sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb. Eyni zamanda Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər, tələbələrin təqaüdləri artırılıb, problemli kreditlərlə bağlı məsələlər və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problem həll edilib. Bununla yanaşı ötən gün daha bir sosial xarakterli addım atıldı ki, bu da təbii qaz istehlakı üzrə müəyyən olunmuş limitin artırılmasıdır. Artıq may ayının birindən 2200 kub metr təsdiq edilməsi göstərir ki, başlamış sosial islahatlar davam edir və bunda sonra da davam edəcək”.
Deputat vurğulayıb ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir: “Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və dünyanın 10 ən islahatçı ölkəsi sırasına daxil olub.
Prezident İlham Əliyevin ötən gün keçirilən iclasda yekun nitqini xatırladan R. Əliyev bildirib ki, dövlət başçısının da söylədiyi kimi hazırda ölkəmizdə iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır: “Dövlətimizin başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər , xarici sərmayələrin cəlbi, şəhid ailələri və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən də danışdı. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerlərinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən cənab Prezident İlham Əliyev bildirdi ki, bu ildə sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, 2019-cu il hər birimiz üçün uğurlu olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB