Müşfiq Ələsgərli: “Müxalifətin təlimatlandırılmasında xaricdəki erməni lobbisinin rolu var” RƏY-ÖZƏL
“Müxalifət partiyaları və onların ətrafında olan şəbəkə, həmçinin xaricdəki anti-Azərbaycan qüvvələr “Formula-1” ərəfəsində çox ciddi şəkildə təxribatlar törətdilər”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, ilk öncə onlar ortaya “Formula-1”in keçirilməsinə qarşı 3 tezis qoydular: “Birinci dedilər ki, “Azərbaycanın “Formula-1”i keçirtməkdə heç bir marağı yoxdur, sadəcə yarış fərdlərin marağına xidmət edir. Bu heç bir iqtisadi divident gətirmir”. Amma Prezidentin köməkçisi Əli Həsənov çıxış etdi və faktlarla göstərdi ki, bu yarışın keçirilməsindən Azərbaycan 270 milyon manatdan çox gəlir əldə edəcək. Eyni zamanda ölkədə buna uyğun infrastruktur formalaşır, Azərbaycan xaricdə çox ciddi şəkildə təbliğ olunur və s.. Yəni çox əsaslandırılmış bir cavab qoydu ortaya və bununla da onların tezislərini alt-üst etmiş oldu. Bundan sonra ikinci bir tezis atılar ortalığa ki, niyə bunu Bakıda keçirilər? Yenə də isbat olundu ki, dünyanın hər yerində bu tip yarışlar paytaxtlarda və mərkəzi hissələrdə keçirilir və əhali də buna normal yanaşır. Belə olanda bunlar digər yollara əl atırlar, amma hər dəfə də əl atanda onlara çox operativ cavablar verildi və arqumentləri əllərində alındı. Nəhayət onlar görəndə ki, artıq tezisləri yoxdur, ondan uydurma məlumatlar yaydılar və təxribata əl atdılar. Onlar İçəri Şəhərin guya dağıdılması haqqında bir yalançı sujetlər hazırlayıb yaydılar. İçəri Şəhər haqqında yayılan məlumatlar, təxribatlar ciddi bir məsələdir və demək olar ki, burda həm xaricdəki erməni lobbisinin, həm də ki, onların əl altısı olan qüvvələrin rolu var. Hüquq mühafizə orqanları məsələyə çox ciddi diqqət yetirməlidirlər. Çox yaxşı oldu ki, Azərbaycanın həm dövlət strukturları, həm ictimaiyyəti bu məsələyə çox sərt reaksiya verdi və məlumatın yalan olduğunu isbatlaya bildi. Bununla da, müxalifət növbəti dəfə təbliğat məsələsində məğlubiyyətə uğradı. Ona görə ki, bu təbliğat tamamilə yalan faktlar üzərində qurulmuşdur və Azərbaycan cəmiyyəti bir daha onların yalançı olduğunun şahidi oldu”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB