"Layihədə iştirakımız iqtisadi və siyasi dividendlər gətirəcək" ÖZƏL-RƏY

"Layihədə iştirakımız iqtisadi və siyasi dividendlər gətirəcək" ÖZƏL-RƏY

“Prezident İlham Əliyevin Pekinə səfəri ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli oldu. Ölkə başçısının “Bir kəmər, bir yol” layihəsində iştirakı yüksək qiymətləndirilir. Bu layihə Çin tərəfindən təklif ediləndə Azərbaycan bunu ilk dəstəkləyənlərdən olub”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə həyata keçirilən bir çox transmilli layihələr, eləcə də Cənub-Şimal, Qərb-Şərq yol nəqliyyat layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq ticarət limanının tikintisi demək olar ki, “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir: “Bu baxımdan bu forumun Azərbaycan üçün böyük əhəmiyyəti var. Çindən Avropaya ixrac olunacaq yüklərin nəqli istiqamətinin müəyyən qədər Azərbaycan üzərindən keçməsi bizim maraq dairəmizə uyğundur. Çünki Avropa ilə Çin arasında 890 milyard dollara yaxın ticarət dövriyyəsi var. Çinin özünün xarici ticarət dövriyyəsi 4 trilyon dollardan artıq, Avropanın isə 1,5 trilyon dollardan yüksəkdir. Bu kontekstdən yanaşanda Avropaya hər gün Çindən 17 qatar yük aparılır. Bu, böyük potensialdır və Azərbaycan bundan istifadə edə bilər”.

A.Badamov deyib ki, Prezident İlham Əliyev “Bir kəmər, bir yol” forumunda bir daha Azərbaycanın nəqliyyat dəhlizlərini tədbir iştirakçılarının diqqətə çatdırdı: “Düşünürəm ki, bununla Azərbaycandan daşınacaq yüklərin miqdarı çoxalacaq. Bu layihə dünya üçün önəmlidir. Çünki 65 ölkənin iştirakı nəzərdə tutulub. İlk foruma 20 ölkə qatılmışdısa, budəfəki forumda 40-dan çox dövlət və hökumət başçıları iştirak elədi. Dünya üçün bu cür əhəmiyyətli layihədə iştirakımız Azərbaycana iqtisadi və siyasi dividendlər gətirəcək. Azərbaycan güclənən ölkədir. Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, öz valyuta ehtiyatlarımızı artırmışıq, məcburi köçkün, qaçqın problemi və müharibə şəraitində olan ölkə olmasına rəğmən, Azərbaycanın ehtiyatları xarici borcundan beş dəfə çoxdur. Xarici borcumuzun dinamikasının enmə üzrə olması iqtisadiyyatımızın gücünün göstəricisidir. Bütün bunlar Azərbaycan kimi güclü iqtisadiyyata malik ölkənin bu cür forumda işçtirkanı gündəmə gətirir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə