“Bir kəmər, bir yol” layihəsi yeni mərhələnin başlanğıcıdır” RƏY-ÖZƏL
“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq təşəbbüsü bu meqalayihəni dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlıq əsasında qurulub. Hazırda “Bir kəmər, bir yol” təşəbbüsü 150 ölkə tərəfindən dəstəklənir, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da daxildir. “Bir kəmər, bir yol” layihəsi həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüs qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına dəstək göstərir, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaldır: “Bu layihə beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verir”.
N.Məmmədova söyləyib ki, həmin layihə həyatın bütün sahələrində, mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlanğıcıdır: “Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır deyən İlham Əliyev bu layihəyə yüksək qiymət verib. Prezidentin qeyd etdiyi kimi üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalayıb”.
Politoloq vurğulayıb ki, müasir nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın prioritetləri sırasındadır: “Coğrafi mövqeyimizdən bəhrələnərək biz Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Bütün bunlar onu göstərir ki, bu layihə böyük siyasi, iqtisadi, sosial, mədəni, humanitar əhəmiyyətə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB