"Son bir ili müstəqillik tariximizdə yeni mərhələ adlandıra bilərik" AÇIQLAMA-ÖZƏL

"Son bir ili müstəqillik tariximizdə yeni mərhələ adlandıra bilərik" AÇIQLAMA-ÖZƏL

"Hazırda Azərbaycan regionda və beynəlxalq aləmdə kifayət qədər sərbəst siyasət aparan, heç kimin daxili işinə qarışmayan müstəqil ölkə kimi dünya miqyasında böyük nüfuza malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin əvvəlindən başlayan sosial islahatlarının uğurla davam etdirilməsi Azərbaycan xalqının böyük əksəriyyətinə müsbət təsir göstərməkdədir: "Xüsusilə dövlət tərəfindən aztəminatlı əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə göstərilən diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir. Son 16 ildə ölkəmizdə keçirilən uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı inkişaf etdikcə əhalinin sosial vəziyyəti durmadan yaxşılaşmaqdadır".

C.Osmanov vurğulayıb ki, Azərbaycanda həyata keçirilən mühüm islahatlar və əldə olunan uğurlu nəticələr Prezident İlham Əliyevin həyata keçirdiyi Ümummilli lider Heydər Əliyev siyasətinin nəticəsidir. Onun sözlərinə görə, son bir ildə yaşananları, islahatlar prosesini 27-28 illik müstəqillik tariximizdə birmənalı olaraq yeni mərhələ adlandıra bilərik: "Hər bir sahədə uğurlar, nailiyyətlər göz önündədir. Hər bir məsələnin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun mövqeyi, mənafeyi dayanır. Şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının, əmək pensiyalarının, təqaüdlərin artırılması ilə bağlı atılan addımlar, 2015-ci ildən bu yana cəmiyyət üçün böyük yükə çevrilmiş və ən azı 800 min vətəndaşımızı əhatə edən problemli kreditlərlə bağlı tarixi və dünyada analoqu olmayan Fərmanın imzalanması, ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar dövlət tərəfindən kompensasiyaların verilməsi və Azərbaycan dövlətinin və cənab Prezidentin öz vətəndaşına qayğıkeş münasibətinin əyani nümunəsidir. Son bir ildə ölkəmizin inkişafında, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində əhəmiyyətli dərəcədə nəticələr əldə olunub. Təkcə 2019-cu ili yanvar-mart aylarında Prezidentimiz tərəfindən imzalanmış Fərman və sərəncamlar ölkə əhalisinin bütün istiqamətlərdə sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə